Bakı. Trend:
Azərbaycan İslam maliyyəsinin inkişafında böyük potensiala malikdir.
Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu Beynəlxalq İslam Likvidlik İdarəetmə Korporasiyasının Baş icraçı direktoru Mohamad Safri Hamid Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunan “Regional inteqrasiyanı investisiya üçün cəlbedici edən CEO sessiyası: ticarətin təşviqi, investisiyaların səfərbər edilməsi və artımın sistemli şəkildə risklərinin azaldılması” panelində deyib.
O, İslam maliyyə sektorunun hazırkı ölçüsünü qlobal maliyyə sistemi ilə müqayisə edərək onun hələ də çox kiçik paya sahib olduğunu bildirib.
Mohamad Safri Hamid qeyd edib ki, İslam maliyyəsinin həcmi təxminən 5 trilyon dollara çatsa da, bu göstərici qlobal maliyyə sisteminin 1 faizindən də azdır:
“Biz sevinməliyik, İslam maliyyəsinin 2010-cu ildə 1 trilyon dollardan bu gün 5 trilyon dollara yüksəlməsini qeyd etməliyik. Amma bu, qlobal maliyyə sistemi ilə müqayisədə hələ də 1 faiz belə deyil. Bu, okeanda bir damladır".
Onun sözlərinə görə, İslam maliyyə sistemi son 50–60 ildə inkişaf etsə də, hələ də ciddi genişlənmə potensialına malikdir və bu sahədə ölkələrarası əməkdaşlıq vacibdir.
Mohamad Safri Hamid vurğulayıb ki, xüsusilə Azərbaycan və Mərkəzi Asiya ölkələri bu prosesdə daha aktiv rol oynamalıdır:
“Bizə Bakı, Azərbaycan və Mərkəzi Asiya lazımdır. Əgər biz özümüz özümüzə kömək etməsək, heç kim bizə kömək etməyəcək".
O əlavə edib ki, İslam maliyyə bazarının inkişafı üçün Qərb ölkələrinə ümid bağlamaq real deyil və sektor daxilində inteqrasiya vacibdir.
“Biz Avropa və ABŞ-a İslam maliyyəsinin inkişafını dəstəkləmək üçün arxalana bilmərik. Bu səbəbdən biz öz İslam maliyyə ekosistemimizi qurmalıyıq", – deyə o bildirib.
Hamid, həmçinin ölkələrin siyasi və institusional dəstəyinin vacibliyini vurğulayaraq Malayziya təcrübəsini nümunə göstərib. Onun sözlərinə görə, Malayziyada İslam maliyyəsinin payı bir neçə on il əvvəl 5 faiz olduğu halda, hazırda 40–50 faizə yüksəlib.
Sonda o qeyd edib ki, İslam maliyyəsinin hazırkı səviyyəsi – xüsusilə Mərkəzi Asiya və Azərbaycanda təxminən 4 faizlik pay – böyük inkişaf potensialından xəbər verir:
“Əslində bütün yol yuxarı doğrudur. Əsas məsələ ölkələrarası inteqrasiya, ikinci bazarların inkişafı və standartlaşdırmadır".
