Çimkənd. Trend:
Qazaxıstanın Çimkənd şəhərində Azərbaycan və Qazaxıstan arasında
turizm sahəsinin genişləndirilməsi ilə bağlı bir sıra sazişlər
imzalanıb.
Trend-in xüsusi müxbirinin məlumatına görə, AZAL-ın Bakı–Çimkənd yeni reysinin açılışı çərçivəsində Çimkənddə Qazaxıstanın turizm sənayesi nümayəndələri ilə görüş keçirilib.
Tədbir turizm şirkətlərinin, aidiyyəti təşkilatların və aviasiya sahəsinin nümayəndələrini bir araya gətirib. İştirakçıları Çimkənd şəhərinin turizm, xarici əlaqələr və kreativ sənaye idarəsinin rəhbəri Baxtiyar Adilxanov salamlayıb.
Görüş zamanı Çimkənd şəhərinin turizm potensialı təqdim olunub. “Visit Shymkent” turizm informasiya mərkəzinin meneceri Yerjan Orynbasar şəhərin turistlər üçün imkanları və sahənin inkişaf perspektivləri barədə məlumat verib. Həmçinin “CIT Travel” şirkətinin direktoru Svetlana Kim və “Oka Travel” şirkətinin direktoru Məmmur Umarov da çıxış edərək əməkdaşlığın inkişafına dair layihə və təkliflərini təqdim ediblər.
Azərbaycanın milli aviadaşıyıcısının fəaliyyəti və yeni marşrutun perspektivləri barədə Mərkəzi Asiyada “Azərbaycan Hava Yolları” (AZAL) satış nümayəndəsi Xəyal Həmidzadə məlumat verib.
Görüşün sonunda tərəflər əməkdaşlığa dair bir sıra sazişlər imzalayıb, daha sonra Azərbaycan və Qazaxıstan turizm biznesi nümayəndələri arasında B2B danışıqlar aparılıb. Tədbir Çimkənddə yerləşən “Rixos Hadisha” otelində tanışlıq turu ilə yekunlaşıb.
Bakı–Çimkənd yeni AZAL reysinin Azərbaycan və Qazaxıstan arasında turizm və biznes əlaqələrinin inkişafına, həmçinin iki ölkə arasında səyahət imkanlarının genişlənməsinə töhfə verəcəyi gözlənilir.
