Bakı. Trend:
“Galaxy Orientis” Çin–ASEAN İnvestisiya Platforması (“CAIP” və ya Proqram) zaman keçdikcə İndoneziya, Çin, ASEAN ölkələri, Azərbaycan və digər tərəfdaşlar arasında iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi üçün güclü zəmin yaradır.
Bunu Trend-ə müsahibəsində İndoneziya İnvestisiya Qurumunun (INA) Fondlar və Kapital Tərəfdaşlığı üzrə direktoru Merlissa Trisno deyib.
O, əvvəlcə CAIP fəaliyyətinin ilkin mərhələsində diqqət yetirilməsi planlaşdırılan strateji prioritetlərdən və əsas sektorlardan bəhs edib: “CAIP Çin–ASEAN dəhlizi (ASEAN - Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası) boyunca uzunmüddətli investisiya imkanlarından yararlanmaq məqsədilə yaradılıb. Xüsusilə iqtisadi inteqrasiyanın dərinləşməsi, sənaye inkişafı və regional təchizat zəncirlərinin keçidindən faydalanan sektorlar platformanın diqqət mərkəzindədir.
Elan edildiyi kimi, platforma sənaye, səhiyyə, istehlak, biznes xidmətləri və texnologiya sektorlarına yönəlib. Bu sahələr həm region üzrə struktur artım tendensiyalarını, həm də iştirakçı suveren investorların uzunmüddətli investisiya prioritetlərini əks etdirir.
İndoneziya İnvestisiya Qurumunun baxışına görə, bu sektorlar iqtisadi artımı, sənaye inkişafını, potensialın gücləndirilməsini və uzunmüddətli dəyər yaradılmasını dəstəkləmək, eyni zamanda risk və gəlirlilik baxımından cəlbedici nəticələr əldə etmək potensialına malikdir. Bundan əlavə, həmin sahələr qurumun prioritet sektorları ilə də üst-üstə düşür”.
M. Trisno Azərbaycanın ARDNF vasitəsilə platformada iştirakı fonunda rolundan, eləcə də ölkənin bu çərçivədə müəyyən potensial layihələrdə iştirakı və ya liderliyi üçün xüsusi imkanlardan da danışıb: “Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF və ya SOFAZ) platformanın təsisçi suveren investorlarından biri kimi mühüm rol oynayır. Onun iştirakı üç suveren fondun dünyanın ən dinamik inkişaf dəhlizlərindən biri boyunca uzunmüddətli investisiyaları və iqtisadi əməkdaşlığı dəstəkləmək istiqamətində ortaq öhdəliyini nümayiş etdirir.
Daha geniş mənada isə CAIP CIC, INA və ARDNF-nin üstünlüklərini bir araya gətirərək yüksək keyfiyyətli investisiya imkanları vasitəsilə regionun inkişafını dəstəkləmək üçün uzunmüddətli kapitalı, institusional təcrübəni və qlobal şəbəkələri birləşdirir.
Hazırkı mərhələdə platforma Çin–ASEAN dəhlizi boyunca şaxələndirilmiş investisiya portfelinin formalaşdırılmasına fokuslanıb. Əsas məqsəd liderliyin ölkələr üzrə bölüşdürülməsindən daha çox İnvestisiya Menecerinin (CGS International) tərəfdaşların birgə imkanlarından istifadə etməklə portfel şirkətləri üçün uzunmüddətli dəyər yarada biləcək yüksək keyfiyyətli investisiya imkanlarını müəyyən etməsi və onlardan yararlanmasıdır”.
Qurum rəsmisi CAIP üzrə uzunmüddətli hədəflərindən, həmçinin Çin, ASEAN ölkələri və Azərbaycan arasında əməkdaşlığı daha da gücləndirə biləcək yeni layihələrdən bəhs edib:
“CAIP-in uzunmüddətli məqsədi Çin–ASEAN dəhlizi boyunca uzunmüddətli kapital axınlarını, sənaye əməkdaşlığını və investisiya tərəfdaşlıqlarını təşviq edən dayanıqlı investisiya platforması yaratmaqdır.
Kapitalın yerləşdirilməsi ilə yanaşı, platforma suveren investorlar arasında daha dərin əməkdaşlıq üçün çərçivə rolunu oynamağı, kapitalı, təcrübəni, şəbəkələri və institusional bilikləri bir araya gətirərək uzunmüddətli dəyər yaradılmasını dəstəkləməyi hədəfləyir”.
M. Trisno qeyd edib ki, platforma artıq 1 milyard ABŞ dolları həcmində hədəf göstərici qarşılığında təxminən 520 milyon ABŞ dolları məbləğində ilkin maliyyələşdirmə mərhələsini başa vurub.
“Əlavə vəsait cəlbi ilkin planın bir hissəsi olaraq qalır və bu, investisiya üfüqləri və korporativ idarəetmə standartları platformanın məqsədləri ilə uyğun gələn digər uzunmüddətli institusional investorların iştirak imkanlarını genişləndirə bilər” , - o əlavə edib.
Qurum nümayəndəsi eyni zamanda bildirib ki, hazırda konkret gələcək investisiyalar barədə danışmaq hələ tezdir:
“Bununla belə, hesab edirik ki, platforma zaman keçdikcə İndoneziya, Çin, ASEAN ölkələri, Azərbaycan və digər tərəfdaşlar arasında iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi üçün güclü zəmin yaradır”.
Bu ilin aprel ayında Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF), Çin İnvestisiya Korporasiyası və İndoneziya İnvestisiya Qurumu birgə “Galaxy Orientis” Çin–ASEAN İnvestisiya Platformasını (“CAIP” və ya Proqram) təsis edib. Sözügedən platforma Çin və ASEAN regionu arasında uzunmüddətli investisiya imkanlarının reallaşdırılmasına yönəlmiş suveren özəl kapital platformasıdır. Proqram çərçivəsində ilkin mərhələdə təxminən 520 milyon ABŞ dolları məbləğində vəsait cəlb olunub, ümumi hədəf həcmi isə 1 milyard ABŞ dolları olaraq müəyyən edilib.
Platforma Çin və ASEAN regionu arasında kapital axınlarının təşviqi və sənaye əməkdaşlığının gücləndirilməsi məqsədilə üç suveren fondun birgə idarəetmə mexanizmi əsasında fəaliyyət göstərir. Çin - ASEAN ticarət əlaqələrinin dərinləşməsi və Cənub-Şərqi Asiyada təchizat zəncirlərinin yenidən formalaşması fonunda Proqram sənaye, səhiyyə, istehlak, biznes xidmətləri və texnologiya kimi sahələrdə yüksək keyfiyyətli investisiya imkanlarının dəyərləndirilməsini hədəfləyir.
Proqramın baş tərəfdaşı qismində çıxış edən “China Galaxy Securities” şirkətinin beynəlxalq əməliyyatlar üzrə törəmə qurumu – “CGS International Securities Pte. Ltd.” region üzrə geniş təcrübə, əməliyyat infrastrukturu və Cənub-Şərqi Asiyada mövcud şəbəkələri ilə platformanın fəaliyyətinə dəstək verir.
İndoneziya İnvestisiya Qurumunun müvəqqəti baş icraçı direktoru Eddi Porvanto bildirib:
“Bu proqram Çin–Cənub-Şərqi Asiya iqtisadi dəhlizi üzrə xüsusi investisiya platformasının yaradılması istiqamətində mühüm strateji addımdır. Bu, İndoneziya İnvestisiya Qurumunun bu proqram çərçivəsində digər investisiya fondlarına yatırım edən özəl kapital fond strukturuna ilk investisiyasıdır və yüksək keyfiyyətli investisiya imkanlarının reallaşdırılmasında strateji tərəfdaş kimi rolumuzu əks etdirir. Platforma vasitəsilə İndoneziya İnvestisiya Qurumu aparıcı qlobal institusional investorlarla əməkdaşlıq edərək uzunmüddətli kapitalın, eləcə də qlobal təcrübə və şəbəkələrin İndoneziyada dayanıqlı inkişafı və iqtisadi dəyərin yaradılmasını dəstəkləyən sahələrə yönəldilməsini hədəfləyir”.
İndoneziya İnvestisiya Qurumunu (İNA) ölkənin davamlı inkişafını dəstəkləmək və gələcək nəsillər üçün sərvət formalaşdırmaq məqsədilə fəaliyyət göstərən suveren sərvət fondudur.
İndoneziya İnvestisiya Qurumu ölkənin rəqabət üstünlüklərini gücləndirən və risklər nəzərə alınmaqla optimal gəlirlilik təmin edən sahələrdə investisiya fəaliyyətini həyata keçirir, eyni zamanda aparıcı yerli və beynəlxalq investisiya institutları ilə əməkdaşlıq edir.
