IsDB Azərbaycanda “yaşıl” artıma fokuslanır

İqtisadiyyat Materials 16 İyun 2026 16:44 (UTC +04:00)
IsDB Azərbaycanda “yaşıl” artıma fokuslanır
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

İslam İnkişaf Bankı (IsDB) Qrupu Azərbaycandakı layihə portfelinə innovasiyaları, rəqəmsal transformasiyanı və “yaşıl” artım həllərini daha fəal şəkildə tətbiq etmək niyyətindədir.

IsDB-nin son hesabatında qeyd olunub ki, bankın fəaliyyətinin əsas istiqamətləri bunlardır:

* iqlim məqsədlərinə nail olmaq üçün bərpa olunan enerji və “yaşıl” təşəbbüslər sahəsində layihələrin genişləndirilməsi;

* dövlət idarəçiliyində və xidmətlərin göstərilməsi sahəsində rəqəmsal transformasiyanın dəstəklənməsi;

* “ağıllı” kənd təsərrüfatı texnologiyalarının tətbiqi hesabına kənd təsərrüfatının və ərzaq təhlükəsizliyinin gücləndirilməsi;

* iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması üçün ticarət və özəl tərəfdaşlığın dərinləşdirilməsi.

Bankın məlumatına görə, innovativ maliyyə alətlərinin, biliklərin və özəl sektorun cəlb edilməsinin birləşməsi Azərbaycanın dayanıqlı inkişafını sürətləndirməyə kömək edən dinamik ekosistemin formalaşdırılmasına yönəlib.

“Azərbaycan milli transformasiya yolunda irəlilədikcə, IsDB Qrupu ölkənin inklüziv artım, iqtisadi şaxələndirmə və qlobal rəqabət qabiliyyəti istiqamətindəki səylərini dəstəkləyərək onun etibarlı tərəfdaşı olaraq qalır”, – deyə hesabatda bildirilir.

IsDB-nin son məlumatlarına əsasən, 31 dekabr 2025-ci il tarixinə Azərbaycan üzrə təsdiqlənmiş xalis maliyyələşdirmənin ümumi həcmi 1,328 milyard ABŞ dolları təşkil edib.

Beynəlxalq İslam Ticarət-Maliyyə Korporasiyasının (ITFC) əməliyyatlarının ümumi həcmi 93,4 milyon ABŞ dolları, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) təsdiqləmələri 165,2 milyon ABŞ dolları, digər fondlar üzrə əməliyyatlar isə 25,7 milyon ABŞ dolları təşkil edib. ICIEC-in Azərbaycandakı fəaliyyətinin ümumi həcminə 164,4 milyon ABŞ dolları məbləğində sığortalanmış əməliyyatlar və 132,3 milyon ABŞ dolları məbləğində yeni öhdəliklər daxil olub.

IsDB Qrupunun Azərbaycandakı əməliyyatları müxtəlif maliyyələşdirmə alətləri vasitəsilə həyata keçirilir. Bunlara istisna — 542,3 milyon ABŞ dolları, icarə — 287,6 milyon ABŞ dolları, ticarət maliyyələşməsi — 215,8 milyon ABŞ dolları, hissəli satış — 159,5 milyon ABŞ dolları, kreditlər — 92,5 milyon ABŞ dolları, kapitalda iştirak — 24 milyon ABŞ dolları, həmçinin xüsusi və texniki qrantlar — 6,3 milyon ABŞ dolları daxildir.

IsDB-nin Azərbaycandakı portfelinə 85 əməliyyat daxildir. Onlardan təxminən 1,138 milyard ABŞ dolları məbləğində 75 əməliyyat artıq başa çatıb, 189,2 milyon ABŞ dolları məbləğində 10 əməliyyat isə aktiv olaraq qalır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti