Bakı. Trend:
Əgər iqtisadiyyatda multiplikativ effekt yaratmaq istəyiriksə, tikinti sektorunu stimullaşdırmalıyıq.
Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhəri üzrə Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov Bakıda İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantısı çərçivəsində keçirilən “Azərbaycan investisiya perspektivləri forumu 2026” tədbirində deyib.
Riad Qasımov bildirib ki, iqtisadiyyat bütün biznes sahələrinin təməlidir və daşınmaz əmlak sektoru iqtisadiyyatın əsas hərəkətverici qüvvələrindən biri hesab olunur. Onun sözlərinə görə, dövlət, biznes və investor tərəfdaşlığında makroiqtisadi sabitlik və davamlı artım əsas şərtdir.
“Azərbaycanda dövlət tərəfindən son illərdə həyata keçirilən islahatlar, infrastruktur layihələrinə yatırılan investisiyalar, vergi və gömrük sahəsində şəffaflığın artırılması, həmçinin xarici investorlar üçün yaradılan hüquqi təminatlar mühüm əhəmiyyət daşıyır. Lakin iqtisadi artımın davamlı olması üçün təkcə dövlət investisiyaları kifayət deyil, özəl sektorun və investorların aktiv iştirakı vacibdir”, – deyə o qeyd edib.
R.Qasımov vurğulayıb ki, daşınmaz əmlak sektorunun inkişafı birbaşa maliyyə əlçatanlığından asılıdır.
“Bank sektorunun tikinti sahəsinə dəstəyi, ipoteka kreditlərinin şərtləri və layihə maliyyələşdirilməsi mexanizmləri daha da təkmilləşdirilməlidir. Əgər iqtisadiyyatda multiplikativ effekt yaratmaq istəyiriksə, tikinti sektorunu stimullaşdırmalıyıq. Çünki tikinti sektorunun inkişafı ilə paralel olaraq istehsalat, logistika, xidmət və digər onlarla əlaqəli sahə də canlanır”, – deyə o bildirib.
Onun sözlərinə görə, tikinti sektorunun genişlənməsi yeni iş yerlərinin yaradılması və vergi daxilolmalarının artması baxımından da mühüm rol oynayır.
Riad Qasımov əlavə edib ki, regionlarda iqtisadi potensialın artırılması və turizm-kommersiya təyinatlı layihələrin genişləndirilməsi də prioritet istiqamətlərdən biridir:
“Bakı ilə yanaşı, regionların inkişafı da diqqət mərkəzində olmalıdır. Regional daşınmaz əmlak layihələrinin dəstəklənməsi ÜDM-in şaxələndirilməsinə xidmət edir. Dövlət-özəl tərəfdaşlığı modelləri isə investisiya risklərinin bölüşdürülməsinə və layihələrin daha effektiv idarə olunmasına imkan yaradır”.
O bildirib ki, hökumətlə aparılan müzakirələrdə dövlət-özəl sektor tərəfdaşlığı mexanizmlərinin hüquqi bazasının gücləndirilməsi və investorlar üçün əlavə təşviq paketlərinin hazırlanması əsas mövzulardan biridir.
