Azərbaycanda yaxın vaxtlarda islam maliyyələşməsi üzrə yeni layihələr təqdim oluna bilər

İqtisadiyyat Materials 16 İyun 2026 17:15 (UTC +04:00)
Azərbaycanda yaxın vaxtlarda islam maliyyələşməsi üzrə yeni layihələr təqdim oluna bilər
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda yaxın vaxtlarda islam maliyyələşməsi üzrə yeni layihələr təqdim oluna bilər.

Trend-in tədbirdə iştirak edən müxbirinin məlumatına görə, bunu Azərbaycanın maliyyə nazirinin birinci müavini Anar Kərimov İslam İnkişaf Bankı Qrupunun 14-cü Özəl Sektor Forumu çərçivəsində bildirib.

O qeyd edib ki, forum dövlət qurumlarının, biznes nümayəndələrinin, ekspert ictimaiyyətinin və maliyyə institutlarının təmsilçiləri arasında dialoq üçün mühüm platformaya çevrilib.

A.Kərimovun sözlərinə görə, bu gün artıq söhbət təkcə halal məhsullardan və ya ayrı-ayrı bazarlardan getmir, qlobal ekosistemin formalaşmasından gedir.

“Biz artıq çoxsaylı regionları və bazarları birləşdirən, dövlət sərhədlərindən kənara çıxan qlobal ekosistemdən danışırıq”, – deyə o bildirib.

Maliyyə nazirinin birinci müavini vurğulayıb ki, halal iqtisadiyyat regional inteqrasiyanın mühüm alətinə çevrilir və etimad, şəffaflıq, məsuliyyət və etik normalar kimi prinsiplərə əsaslanır.

A.Kərimov qeyd edib ki, Azərbaycan halal iqtisadiyyatın inkişafı çərçivəsində sabitlik və etimadın gücləndirilməsi məsələlərinə xüsusi diqqət yetirir.

Onun sözlərinə görə, ölkənin beynəlxalq valyuta ehtiyatları artıq 88 milyard ABŞ dollarını ötür və bu, makroiqtisadi sabitlik üçün möhkəm əsas yaradır.

“Biz sabitlik üçün etibarlı baza təmin edən əhəmiyyətli valyuta ehtiyatları formalaşdıra bilmişik”, – deyə o bildirib.

Anar Kərimov həmçinin Azərbaycanda islam maliyyə alətlərinin inkişafı barədə məlumat verib.

O qeyd edib ki, islam maliyyəsi təkcə alternativ maliyyə modeli kimi deyil, həm də tərəfdaşlıq, risklərin bölüşdürülməsi və investisiya aləti kimi nəzərdən keçirilir.

“Bizim üçün islam maliyyəsinin inkişafı sadəcə bazarın yeni seqmentinin yaradılması deyil. Bu, iqtisadiyyatın şaxələndirilməsi, maliyyəyə çıxış imkanlarının genişləndirilməsi və özəl sektorun dəstəklənməsi üzrə daha geniş səylərin bir hissəsidir”, – deyə maliyyə nazirinin birinci müavini bildirib.

Onun sözlərinə görə, Azərbaycanda artıq təkafül xidmətləri mövcuddur, maliyyə institutları isə islam bankçılığı məhsulları təklif etməyə başlayıblar.

A.Kərimov qeyd edib ki, ayrı-ayrı banklar artıq murabaha və mudaraba kimi islam maliyyələşməsi alətlərindən istifadə edirlər.

O, həmçinin yaxın vaxtlarda islam maliyyəsi sahəsində yeni layihələrin elan oluna biləcəyini bildirib.

Maliyyə nazirinin birinci müavini vurğulayıb ki, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən strateji mövqeyi ölkənin inkişafı üçün əlavə imkanlar yaradır.

“Azərbaycan təkcə milli inkişafa deyil, həm də halal iqtisadiyyat sahəsində regional inteqrasiyaya töhfə verəcək regional haba çevrilmək potensialına malikdir”, – deyə A.Kərimov bildirib.

O qeyd edib ki, bu cür səylər ticarətin, investisiyaların, texnoloji əməkdaşlığın və kənd təsərrüfatı da daxil olmaqla iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına xidmət edir.

A.Kərimov həmçinin İslam İnkişaf Bankı Qrupu ilə əməkdaşlığın vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, bank üç onillikdən artıqdır ki, Azərbaycanın etibarlı tərəfdaşı olaraq qalır və ölkənin iqtisadi inkişafına, o cümlədən işğaldan azad edilmiş ərazilərin bərpasına töhfə verir.

“İqtisadiyyatımızın gələcəyi təkcə ayrı-ayrı bazarların artımından deyil, həm də ölkələr, biznes, investorlar və imkanlar arasında, eləcə də etik prinsiplər və iqtisadi artım arasında əlaqələr qurmaq bacarığımızdan asılıdır”, – deyə o bildirib.

Sonda maliyyə nazirinin birinci müavini bəyan edib ki, Azərbaycan bu gündəliyin irəli aparılması üçün bütün tərəfdaşlarla əməkdaşlığı davam etdirməyə hazırdır.

“Əgər biz uğur qazansaq, halal iqtisadiyyat regional inteqrasiyanın, ümumi rifahın və dayanıqlı inkişafın güclü hərəkətverici qüvvəsinə çevrilə bilər”, – deyə A.Kərimov əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti