Bakı. Trend:
İslam İnkişaf Bankı (İİB) Qrupunun tamhüquqlu üzvü olan Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası (ITFC) Bakı şəhərində keçirilən 2026-cı il İİB Qrupunun İllik Toplantılarındakı iştirakına üç strateji sazişin imzalanması və ticarətin maliyyələşdirilməsi, ticarətin inkişafı, özəl sektorun tərəqqisi və regional iqtisadi əməkdaşlıq sahəsində əməkdaşlığın təşviq olunmasına həsr olunmuş tam günlük yüksəksəviyyəli tədbirlərlə başlayıb.
Bu barədə İİB məlumat yayıb.
Məlumata görə, ITFC-nin Baş icraçı direktoru mühəndis Ədib Yusuf Əl-Aamanın rəhbərlik etdiyi nümayəndə heyəti, Banqladeş, Qambiya, Qvineya, Maldiv adaları, Seneqal, Somali və Tacikistan da daxil olmaqla, üzv dövlətlərin rəsmiləri və nümayəndə heyətləri, eləcə də "Vakıf Katılım Bankası" və "Türk Eximbank" kimi tərəfdaşlarla ikitərəfli görüşlər keçirib. Müzakirələrin mərkəzində ticarətin maliyyələşdirilməsi sahəsində əməkdaşlığın genişləndirilməsi, şəriət prinsiplərinə uyğun maliyyə resurslarına çıxışın asanlaşdırılması və ITFC-nin fəaliyyət istiqamətlərinin milli inkişaf prioritetləri ilə uzlaşdırılmasının praktik yolları dayanıb.
ITFC həmçinin "Halal İqtisadiyyat üzrə Liderlik Forumu 2026" adlı tədbirdə iştirak edib və qurumun əməliyyatlar üzrə baş direktoru cənab Nazim Nurdəli "Etik halal biznes modelləri və risklərə dayanıqlı maliyyələşdirmə üzrə strateji liderlik dialoqu"na qatılıb. Sessiya çərçivəsində halal iqtisadiyyat modellərinin, İslam maliyyəsinin və risk bölgüsü mexanizmlərinin üzv dövlətlər miqyasında regional inteqrasiyaya, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin cəlb edilməsinə və transsərhəd ticarətə verə biləcəyi dəstək yolları ətraflı şəkildə araşdırılıb.
İmzalanmış əsas sazişlər
Qambiya: İqtisadiyyatın vacib sektorlarının dəstəklənməsinə yönəlmiş 250 milyon ABŞ dolları dəyərində Çərçivə Sazişi
ITFC tərəflər arasında əməkdaşlığın növbəti mərhələsini
tənzimləmək məqsədilə Qambiya Respublikası ilə üçillik müddətə 250
milyon ABŞ dolları dəyərində Çərçivə Sazişi imzalayıb. Sözügedən
saziş 2021-ci ilin yanvar ayında bağlanmış və tam şəkildə istifadə
olunmuş əvvəlki beşillik və 250 milyon dollarlıq Çərçivə Sazişinin
məntiqi davamıdır.
Yeni saziş ITFC tərəfindən Qambiyada enerji təchizatı, ərzaq
təhlükəsizliyi, səhiyyə, kənd təsərrüfatı dəyər zəncirləri və yerli
maliyyə institutları vasitəsilə özəl sektorun maliyyələşdirilməsi
də daxil olmaqla, bir sıra prioritet sahələrə dəstək göstərilməsi
üçün əlverişli platforma rolunu oynayacaqdır.
Saziş Qambiya Respublikasının maliyyə və iqtisadiyyat naziri
hörmətli Sidi K.M.Keyta və ITFC-nin Baş icraçı direktoru mühəndis
Ədib Yusuf Əl-Aama tərəfindən imzalanıb.
Tacikistan: Pambıq ticarətinin dəstəklənməsi məqsədilə 10 milyon ABŞ dolları həcmində Birbaşa Mürabəhə Mexanizmi
Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam
Korporasiyası (ITFC) pambıq və pambıq məhsullarının tədarükü və
ticarətinə dəstək göstərmək məqsədilə Tacikistan Respublikası ilə
10 milyon ABŞ dolları dəyərində Birbaşa Mürabəhə
Maliyyələşdirilməsi Mexanizmi imzalayıb. Saziş ITFC-nin Baş icraçı
direktoru mühəndis Ədib Yusuf Əl-Aama və Tacikistan Respublikasının
Baş nazirinin birinci müavini Zati-aliləri cənab Hokim Xolikzoda
tərəfindən imzalanıb.
Bu pilot mexanizm pambıqçılıq sektorundakı maraqlı tərəfləri
dövriyyə kapitalı ilə təmin edəcək. Layihə Tacikistan Respublikası
Hökuməti yanında İxrac Agentliyinə emal müəssisələri vasitəsilə
məhsul yığımı mövsümündə fermerlərdən pambıq alaraq sonradan
ixracını təşkil etmək imkanı yaradacaq. Bununla da, ixrac
fəaliyyətinə, kənd təsərrüfatı dəyər zəncirlərinə və region
əhalisinin güzəranına əhəmiyyətli təsir göstərən mühüm bir sektor
dəstəklənəcəkdir.
Ölkə üzrə təqribən 37000 pambıqçılıq təsərrüfatını və 680000-ə
yaxın insanın çalışdığı müəssisələri əhatə edən bu
maliyyələşdirmənin bazar əlaqələrini möhkəmləndirməsi və gəlir
gətirən fəaliyyətlərin davamlılığını təmin etməsi gözlənilir.
İmzalanmış saziş ITFC-nin Tacikistanın strateji əhəmiyyətli
sektorlarına göstərdiyi davamlı dəstəyə əsaslanır və təşkilatın üzv
dövlətlərin inkişaf prioritetlərinə cavab verən və şəriət
prinsiplərinə tam uyğun olan ticarət maliyyələşdirmə həlləri təqdim
etmək əzmini əks etdirir.
Regional əməkdaşlıq: Ticarətin maliyyələşdirilməsi resurslarına çıxışın genişləndirilməsi məqsədilə IFC ilə Təsdiqləyici Bank Sazişi
ITFC Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə "Təsdiqləyici Bank Sazişi" imzalayaraq ortaq İƏT-ə üzv dövlətlərdə ticarətin maliyyələşdirilməsinə dəstək naminə hər iki təşkilat arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində yeni bir mərhələnin əsasını qoyub. Saziş ITFC-nin əməliyyatlar üzrə baş direktoru cənab Nazim Nurdəli və IFC-nin Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) üzrə bölmə rəhbəri cənab Abdullah Cefri tərəfindən ITFC-nin baş icraçı direktoru mühəndis Ədib Yusuf Əl-Aamanın şahidliyi ilə imzalanıb.
Bu tərəfdaşlıq sayəsində ITFC IFC-nin risk bölgüsü çərçivəsindən və emitent bankların ödəniş öhdəliklərini təmin edən zəmanətlərindən yararlanaraq ticarətin maliyyələşdirilməsi əməliyyatlarının miqyasını əhəmiyyətli dərəcədə genişləndirmək imkanı əldə edəcək. Əməkdaşlığın İƏT-ə üzv dövlətlərdəki idxalatçı və ixracatçıların maliyyə resurslarına əlçatanlığını artırması, mühüm transsərhəd ticarət əməliyyatlarını asanlaşdırması, eləcə də üzv dövlətlər daxilində ticarət dövriyyəsinin daha da sıxlaşmasına və iqtisadi tərəqqiyə güclü təkan verməsi gözlənilir.
Azərbaycanın paytaxtı Bakı şəhərində təşkil olunmuş ITFC-nin İllik Toplantılar proqramının açılış günü ticarətin maliyyələşdirilməsi, ticarətin inkişafı və İslam maliyyəsi kimi mühüm məsələləri ön plana çıxarıb. ITFC strateji əhəmiyyətli ticarəti maliyyələşdirmək, özəl sektorun rolunu genişləndirmək və regional bağlantıları möhkəmləndirmək məqsədilə üzv dövlətlər və tərəfdaşlarla birgə fəaliyyətini davam etdirdiyindən həftə ərzində yeni sazişlərin imzalanması və yüksəksəviyyəli işgüzar görüşlərin keçirilməsi gözlənilir.
