İİB Qrupu üzv ölkələrdə investisiya və ticarətin inkişafını dəstəkləyir - Əl-Casir

İqtisadiyyat Materials 17 İyun 2026 10:34 (UTC +04:00)
İİB Qrupu üzv ölkələrdə investisiya və ticarətin inkişafını dəstəkləyir - Əl-Casir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İİB Qrupu üzv ölkələrdə investisiya və ticarətin inkişafını dəstəkləyir.

Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu İslam İnkişaf Bankı (İİB) Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir Bakıda İİB Qrupunun İllik Toplantısının ikinci günü çərçivəsində keçirilən "Özəl Sektor Forumu 2026: Açılış Mərasimi"ndə deyib.

O, Azərbaycan hökumətinə və xalqına İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarına göstərilən yüksək qonaqpərvərliyə və tədbirin mükəmməl təşkilinə görə təşəkkürünü bildirib.

"Bu münasibətlə həmçinin İqtisadiyyat Nazirliyinə və AZPROMO-ya Özəl Sektor Forumunun uğurla keçirilməsi üçün göstərdikləri dəyərli tərəfdaşlıq, sıx əməkdaşlıq və yorulmaz səylərə görə minnətdarlığımı ifadə etmək istəyirəm", – deyə o vurğulayıb.

Məhəmməd Süleyman Əl-Casir qeyd edib ki, Özəl Sektor Forumu sadəcə illik tədbir deyil, dialoqun konkret istiqamətlərə çevrildiyi, ideyaların investisiyaya, tərəfdaşlıqların isə vədlərdən real fəaliyyətə keçdiyi canlı platformadır.

"Bu, hökumətlərlə bazarların, sahibkarlarla maliyyə institutlarının, ambisiyalarla imkanların bir araya gəldiyi məkandır. İİB Qrupu olaraq inanırıq ki, inklüziv iqtisadi artım yalnız siyasətlə deyil, sahibkarlıqla, yalnız dövlət səyləri ilə deyil, özəl təşəbbüslərlə, yalnız maliyyələşmə ilə deyil, etimad və tərəfdaşlıqlarla təmin olunur", – deyə o bildirib.

İİB Qrupunun rəhbəri vurğulayıb ki, qurumun aidiyyəti təşkilatları üzv ölkələrdə investisiyaların səfərbər olunması, ticarətin təşviqi və iqtisadi dayanıqlığın gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Onun sözlərinə görə, İİB Qrupuna daxil olan qurumlar maliyyələşdirmə, risklərin azaldılması, sığorta və ticarətin asanlaşdırılması üzrə alətlər təqdim etməklə potensialın real inkişafa çevrilməsinə töhfə verir.

Məhəmməd Süleyman Əl-Casir bildirib ki, İnvestisiya və İxrac Kreditlərinin Sığortalanması üzrə İslam Korporasiyası (ICIEC) 1994-cü ildə fəaliyyətə başladığı vaxtdan etibarən 51 üzv ölkədə 139 milyard ABŞ dollarından çox ticarət və investisiya axınını sığortalayıb. Bu məbləğin təxminən 57 milyard dolları üzv ölkələr arasındakı əməliyyatların payına düşür.

"Yalnız 2025-ci ildə ICIEC təxminən 6 min kiçik və orta sahibkarlıq subyektinin maliyyə resurslarına çıxışını genişləndirib, 294 mindən çox iş yerinin dəstəklənməsinə töhfə verib və ərzaq təhlükəsizliyi, enerji, səhiyyə və digər strateji sahələr üzrə təxminən 890 milyon dollar dəyərində vacib mal və xidmətlərin təmin edilməsini asanlaşdırıb", – deyə o əlavə edib.

O qeyd edib ki, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) yarandığı vaxtdan bəri 41 ölkədə 450-dən çox layihəni maliyyələşdirib və təsdiqlənmiş maliyyələşdirmə həcmi 7,1 milyard ABŞ dollarını ötüb.

"Bu layihələr maliyyə institutları, kiçik və orta biznes, sənaye, mədənçıxarma, energetika və nəqliyyat sektorlarını əhatə etməklə iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişafın əsas sütunlarını dəstəkləyib", – deyə Əl-Casir vurğulayıb.

İİB Qrupunun sədri əlavə edib ki, Beynəlxalq İslam Ticarət Maliyyəsi Korporasiyası (ITFC) fəaliyyətə başladığı vaxtdan etibarən təxminən 20 milyard ABŞ dolları həcmində ticarət maliyyələşdirilməsi təqdim edib.

"Bu vəsaitlərin əhəmiyyətli hissəsi yerli və regional banklar vasitəsilə kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəldilib. Korporasiya eyni zamanda ixrac potensialının gücləndirilməsi və üzv ölkələr arasında ticarətin dərinləşdirilməsi məqsədilə texniki yardım proqramları da həyata keçirib", – deyə o bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti