Bakı. Trend:
Çin Böyük Britaniyanın Rusiya əleyhinə sanksiyalar paketi çərçivəsində Çin şirkətlərinə qarşı tətbiq etdiyi məhdudiyyətləri pisləyib.
Bu barədə Çinin Böyük Britaniyadakı səfirliyinin bəyanatında deyilir.
Səfirlik bildirib ki, Pekin beynəlxalq hüquqa əsaslanmayan və Çin şirkətlərinin qanuni maraqlarına zərər vuran birtərəfli sanksiyalara qəti şəkildə qarşıdır. Çin tərəfi bu məsələ ilə bağlı Britaniya hökumətinə etirazını çatdırdığını vurğulayıb.
Bəyanatda, həmçinin qeyd olunub ki, Çin Ukrayna üzrə sülh danışıqlarını dəstəkləyir və ikili təyinatlı məhsulların ixracına ciddi nəzarət edir. Pekin Britaniyanı qərarına yenidən baxmağa və Çin şirkətlərinə qarşı sanksiyaları ləğv etməyə çağırıb.