Bakı. Trend:
Beynəlxalq İslam Ticarətin Maliyyələşdirilməsi Korporasiyası (ITFC) indiyədək ümumilikdə 93 milyard ABŞ dolları həcmində maliyyələşmə həyata keçirib.
Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu ITFC-nin baş icraçı direktoru Adeeb Al-Aama Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupu (İslam İnkişaf Bankı Qrupu)nun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunan “Regional inteqrasiyanı investisiya üçün cəlbedici edən CEO sessiyası: ticarətin təşviqi, investisiyaların səfərbər edilməsi və artımın sistemli şəkildə risklərinin azaldılması” panelində çıxış edib.
O bildirib ki, ITFC 57 İslam Əməkdaşlıq Təşkilatı (OIC) üzv ölkəsinə həm daxili ticarətin, həm də bu ölkələrin dünya ilə ticarət əməliyyatlarının maliyyələşdirilməsi istiqamətində dəstək göstərir. Onun sözlərinə görə, qurumun fəaliyyəti təkcə ticarət maliyyələşməsi ilə məhdudlaşmır, eyni zamanda ticarətin inkişafı və institusional bacarıqların gücləndirilməsi kimi istiqamətləri də əhatə edir.
Adeeb Al-Aama qeyd edib ki, ITFC-nin ticarət maliyyələşməsi “məsuliyyətli maliyyələşmə” prinsiplərinə əsaslanır: “Bu yanaşma dəyər yönümlüdür, real iqtisadi fəaliyyətlə bağlıdır və İslam maliyyə prinsiplərinə uyğun şəkildə həyata keçirilir. Buraya ədalət, risklərin bölüşdürülməsi, aktiv təminatı, etik investisiya və sosial həmrəylik daxildir”.
O bildirib ki, qurum yarandığı gündən bu günə qədər ümumilikdə 93 milyard ABŞ dolları həcmində maliyyələşmə həyata keçirib. Təkcə 2025-ci il ərzində isə 9,35 milyard dollar həcmində ticarət maliyyələşməsi təsdiqlənib.
“Bu vəsaitin təxminən 8 milyard dolları OIC daxilində ticarətin maliyyələşdirilməsinə yönəlib. Eyni zamanda, maliyyələşmənin təxminən üçdə biri ən az inkişaf etmiş ölkələrə istiqamətlənib,” – deyə ITFC rəhbəri vurğulayıb.
O əlavə edib ki, ITFC-nin əsas güclü tərəflərindən biri maliyyə resurslarını sürətlə səfərbər etmək və beynəlxalq tərəfdaşlarla geniş əməkdaşlıq vasitəsilə daha böyük həcmdə maliyyələşmə təmin etməkdir. Onun sözlərinə görə, hər 1 dollar ITFC vəsaiti əlavə olaraq 2 dollar xarici maliyyə cəlb etməyə imkan yaradır.
“2008-ci ildən bu günə qədər ümumi maliyyələşməmizin təxminən 60 milyard dolları xarici mənbələrdən səfərbər olunub. Bu da bizə balansımızdan kənarda daha geniş həcmdə əməliyyatlar aparmağa imkan verir,” – deyə Adeeb Al-Aama qeyd edib.
Onun sözlərinə görə, bu model ITFC-nin həm üzv ölkələr arasında ticarətin genişləndirilməsinə, həm də qlobal iqtisadi inteqrasiyanın dərinləşdirilməsinə mühüm töhfə verməsinə şərait yaradır.
