Bakı. Trend:
Bu gün dünya iqtisadiyyatının transformasiyası şəraitində beynəlxalq investisiya əməkdaşlığının genişləndirilməsi xüsusi aktuallıq kəsb edir.
Bunu Baş nazir Əli Əsədov Özbəkistanın paytaxtında keçirilən V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib.
Baş nazirin sözlərinə görə, bu kontekstdə maliyyə resurslarının səmərəli birləşdirilməsini və strateji əhəmiyyətli layihələrin həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasını təmin edən birgə investisiya fondları mühüm alət kimi çıxış edir:
“Bu yanaşmadan çıxış edərək Azərbaycan dost dövlətlərlə birgə investisiya platformalarının yaradılması təcrübəsini ardıcıl şəkildə inkişaf etdirir. Xüsusilə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanla təsis edilmiş birgə investisiya fondları artıq bu gün iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi və perspektivli sahələrə investisiyaların cəlb olunması üçün effektiv mexanizm rolunu oynayır”.
