Bakı. Trend:
Böyük Britaniya Rəqabət və Bazarlar İdarəsi (CMA) Alphabet Inc.-ə məxsus "Google"a axtarış nəticələri reytinqinin şəffaflığını artırmağı əmr edib.
Xarici media yazır ki, şirkət axtarış nəticələrini obyektiv meyarlara əsasən sıralamalı, daha aydın şikayət prosedurlarını tətbiq etməli və istifadəçilərə axtarış məlumatlarını səlahiyyətli üçüncü tərəflərlə paylaşmaq imkanı verməlidir.
"Google"ın reytinq obyektivliyi tələbinə uyğunlaşmaq üçün altı ayı, məlumatların daşınması tələbinə uyğunlaşmaq üçün üç ayı var.
Şirkət bildirib ki, sistemlərinin bütövlüyünü qorumağa sadiqdir və Böyük Britaniya tənzimləyicisi ilə əməkdaşlıq edəcək, həmçinin reytinq mexanizmlərinin ədalətli, şəffaf olduğunu və ən uyğun, yüksək keyfiyyətli nəticələr verdiyini bildirib.
Böyük Britaniya bazar iştirakçıları CMA-ya şikayət edərək bildiriblər ki, "Google"un hazırkı axtarış sıralama metodları ədalətsiz, qeyri-şəffafdır və xəbərdarlıq edilmədən dəyişir və bu qeyri-müəyyənlik onları öz bizneslərinə investisiya qoymaqdan çəkindirir.
