Bakı. Trend:
İyunun 17-də İslam İnkişaf Bankı (İİB) Qrupuna bağlı qurumların
Bakı Konqres Mərkəzində 14-cü Özəl Sektor Forumu (PSF) baş
tutub.
Forum zamanı üzv dövlətlərdə, xüsusilə də Azərbaycan
Respublikasında həm dövlət, həm də özəl sektorun potensialının
gücləndirilməsinə xidmət edən İİB Qrupunun fəaliyyət və
təşəbbüslərinə xüsusi diqqət yetirilib.
Müzakirələr biznes sektorunun qarşısında duran aktual imkanlar və çağırışlar ətrafında cəmləşmiş, eyni zamanda, Qrupun maliyyələşdirmə xətləri, özəl sektorun maliyyələşdirilməsi, ticarətin inkişafına dəstək, investisiyaların sığortalanması və ixracın kreditləşdirilməsi mexanizmləri də daxil olmaqla, geniş maliyyə alətləri portfeli iştirakçıların diqqətinə çatdırılıb.
Forumun gündəliyi mühüm iqtisadi mövzuları və inkişaf layihələrini əhatə edən silsilə dialoq sessiyaları ilə zəngin olub. İştirakçılar, həmçinin ticarət və investisiya imkanlarına dair genişmiqyaslı təqdimatları izləyiblər. Bundan əlavə, dövlət və özəl sektor nümayəndələri arasında keçirilən ikitərəfli görüşlər (B2B və B2G) işgüzar əlaqələrin qurulmasına, strateji tərəfdaşlıqlara, qabaqcıl təcrübə mübadiləsinə və uğurlu layihələrin təşviqinə əlverişli zəmin yaradıbdır.
Dialoq sessiyaları ilə yanaşı, forum çərçivəsində qlobal halal iqtisadiyyat sahəsində formalaşan yeni imkan və çağırışları müzakirə etmək məqsədilə siyasətçiləri, sənaye liderlərini və ekspertləri bir araya gətirən "Halal İqtisadiyyat Liderlik Forumu" da təşkil olunub. Tədbirdə həmçinin üzv ölkələri təmsil edən innovativ sahibkarların öz unikal həll yollarını investorlar, inkişaf institutları və biznes rəhbərləri qarşısında nümayiş etdirmələri üçün əhəmiyyətli platforma rolunu oynayan "İİB Qrupunun Startap Müsabiqəsi" keçirilmişdir. Sahibkarlıq, innovasiya, investisiya, ticarət və özəl sektorun inkişafı sahələrindəki müstəsna nailiyyətlərin qeyd olunduğu xüsusi mükafatlandırma mərasimində startap müsabiqəsinin və "Özəl Sektor Forumu Mükafatları"nın qalibləri təltif edilib.
Forum Azərbaycan hökumətinin rəsmilərini, yerli, regional və
beynəlxalq özəl şirkətlərin prezidentləri və icraçı direktorlarını,
investorları, iş adamlarını, ticarət və sənaye palatalarının,
ticarət və investisiyaların təşviqi qurumlarının, eləcə də regional
və beynəlxalq maliyyə və inkişaf institutlarının yüksəksəviyyəli
nümayəndələrini bir araya gətirərək böyük iştirakçı kütləsi
toplamışdır.
Açılış nitqi ilə çıxış edən İslam İnkişaf Bankı (İİB) Qrupunun
Müdirlər Şurasının sədri, Azərbaycan Respublikasının iqtisadiyyat
naziri Mikayil Сabbarov forum bildirib ki, Azərbaycan İslam İnkişaf
Bankı Qrupu ilə tərəfdaşlığı yüksək qiymətləndirir və üzv ölkələrlə
ticarət, biznes və investisiya əməkdaşlığının daha da
dərinləşdirilməsinə önəm verir:
"Ölkəmiz Avropa və Asiya arasındakı strateji mövqeyindən
istifadə edərək müasir nəqliyyat infrastrukturu və iqtisadi
şaxələndirmə istiqamətində səyləri sayəsində regional bağlantılar
və dayanıqlı inkişaf üçün mühüm platforma rolunu oynayır. Ölkənin
investisiya potensialının İİB Qrupunun maliyyə imkanları, qlobal
təcrübəsi və geniş şəbəkəsi ilə birləşdirilməsi iqtisadi inkişafı
irəli aparan və region üzrə uzunmüddətli faydalar təmin edən
təsirli layihələr üçün yeni imkanlar açır.”
Nazir qeyd edib ki, İslam İnkişaf Bankının Toplantıları
çərçivəsində dəyəri 4,7 milyard ABŞ dollarını ötən 32-dən çox saziş
və anlaşma memorandumunun imzalanması gözlənilir.
İslam İnkişaf Bankı Qrupunun sədri Zati-aliləri Dr. Məhəmməd
Əl-Casir forum iştirakçılarına müraciət edərək bildirib ki, İslam
İnkişaf Bankı Qrupu olaraq biz qəti şəkildə inanırıq ki, özəl
sektor inkişaf prosesinin yardımçı elementi deyil, onun əsas
hərəkətverici qüvvəsidir:
"Bizim bu prosesdəki missiyamız aydındır: maneələri aradan
qaldırmaq, riskləri minimuma endirmək və yeni imkanlara qapı açmaq.
Biz maliyyə resurslarının səfərbər edilməsi, risklərin azaldılması,
o cümlədən inklüziv, dayanıqlı və davamlı inkişafa təkan verən
ticarət və investisiya mühitinin yaradılması istiqamətində etibarlı
tərəfdaş kimi fəaliyyətimizi davam etdirəcəyik.”
İcraçı direktorların sessiyası zamanı İnvestisiya və İxrac
Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (ICIEC) Baş
icraçı direktoru, eyni zamanda Özəl Sektorun İnkişafı üzrə İslam
Korporasiyasının (ICD) müvəqqəti Baş icraçı direktoru Dr. Xalid
Yusif Xələfalla çıxış edərək qeyd edib ki, Özəl Sektor Forumu həm
dövlət, həm də özəl sektoru təmsil edən nüfuzlu tərəfdaşların bir
araya gəlməsinə şahidlik edib:
"Dayanıqlı maliyyələşdirmə kəsirini aradan qaldırmaq, birgə
maliyyələşdirmə perspektivləri təqdim etmək və dayanıqlı inkişafın
qarşıya qoyduğu çağırışlara innovativ həll yolları tapmaq məqsədilə
özəl sektor tərəfdaşlarımızın, habelə digər maliyyə institutlarının
səylərini birləşdirməyə çalışdığımız bir vaxtda dayanıqlılıq və
inkişaf missiyamızın mərkəzində dayanır. Bu kontekstdə, ICD olaraq,
maliyyə institutlarına və iri korporasiyalara səmərəli maliyyə
həlləri təqdim etməklə, eləcə də kiçik və orta sahibkarlıq
subyektlərinin optimal maliyyə resurslarına çıxışını
asanlaşdırmaqla özəl sektorun inkişafına verdiyimiz töhfələrdən
qürur duyuruq. Biz həmçinin inkişaf potensialını gücləndirən,
transsərhəd investisiyaları təşviq edən, üzv dövlətlərin ixrac
imkanlarını dəstəkləyən və yeni iş yerlərinin açılmasına şərait
yaradan infrastruktur layihələrini maliyyələşdirməyə davam edirik.
Hazırda ICD-nin məcmu təsdiqlənmiş maliyyələşdirmə portfeli
təxminən 7,1 milyard ABŞ dollarına çatmışdır. Ötən il ərzində kiçik
və orta müəssisələrə yönəldilən ümumi maliyyə vəsaitinin həcmi
661,9 milyon ABŞ dolları təşkil edib. ICD tərəfindən dəstəklənən
qurumlarda ümumilikdə 178988 nəfər işlə təmin olunub”.
O, həmçinin vurğulayıb ki, təsis edildiyi tarixdən 2025-ci ilin
sonunadək ICIEC 139 milyard ABŞ dollarını ötən məcmu sığorta
təminatı təqdim edib.
"Bunun 108 milyard dolları ticarət dövriyyələrinin dəstəklənməsinə, 31 milyard dollardan çox qismi isə üzv dövlətlərdə xarici investisiyaların təşviqinə yönəldilib. Həmin məbləğin 66 milyard ABŞ dollarından çoxu İƏT məkanında daxili ticarət və investisiyaların payına düşür ki, bu da ICIEC-in üzv ölkələr arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsindəki rolunun bariz göstəricisidir. Təkcə 2025-ci ildə ICIEC İslam ticarəti və investisiya maliyyələşdirilməsi üzrə 1,9 milyard ABŞ dolları həcmində əməliyyatların həyata keçirilməsinə şərait yaratmış, 294 mindən çox iş yerinə dəstək göstərmiş və təxminən 6 min kiçik və orta müəssisəni əhatə edib. Şəriət prinsiplərinə uyğun kredit və siyasi risklərin sığortalanması həlləri vasitəsilə ICIEC kapitalın səfərbər olunması, risklərin azaldılması və strateji sektorlar üzrə dayanıqlı inkişafın dəstəklənməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir”.
Beynəlxalq İslam Ticarətinin Maliyyələşdirilməsi Korporasiyasının (ITFC) icraçı direktoru mühəndis Ədib Əl-Aama qeyd edib ki, Özəl Sektor Forumunun 14-cü buraxılışı özəl sektorun üzv dövlətlərdə iqtisadi artımın təşviq edilməsi, məşğulluğun yaradılması və yoxsulluğun azaldılmasında oynadığı həlledici rolu bir daha təsdiqləyib. Onun sözlərinə görə, biznes investorlarının fəal iştirakı müzakirələri əhəmiyyətli dərəcədə zənginləşdirib, iqtisadi dayanıqlığın və biznes dinamikasının artırılmasına yönəlmiş müştərək səylərə güclü təkan verib.
O, əlavə edib ki, 2008-ci ildə fəaliyyətə başladığı vaxtdan bəri ITFC, İƏT-ə üzv dövlətlərə 96 milyard ABŞ dollarından çox ticarət maliyyələşdirməsi ayıraraq regionda ticarət həlləri üzrə aparıcı təminatçıya çevrilib:
"Həmin məbləğin 20 milyard dolları özəl sektorun və kiçik və orta müəssisələrin dəstəklənməsinə yönəldilib. Maliyyə dəstəyi, texniki yardım və potensialın gücləndirilməsi tədbirləri vasitəsilə bu müəssisələrin regional və beynəlxalq bazarlara çıxışı genişləndirilib. Təkcə 2025-ci il ərzində ITFC 9,3 milyard ABŞ dolları dəyərində ticarət maliyyələşdirməsini təsdiqləyib və üzv ölkələr üzrə 7,5 milyard ABŞ dolları həcmində vəsait ayırıb. Korporasiya öz əməliyyatları çərçivəsində 123396 iş yerini dəstəkləyib, 546 korporasiya və kiçik və orta müəssisələrin maliyyə resurslarına çıxışını təmin edib, habelə İƏT daxilində 7,8 milyard ABŞ dolları həcmində ticarət maliyyələşdirilməsi həyata keçirilib. Bu nəticələr ITFC-nin özəl sektorun rəqabət qabiliyyətinin gücləndirilməsi, ticarət əlaqələrinin genişləndirilməsi və İƏT-ə üzv dövlətlər üzrə dayanıqlı iqtisadi inkişafın təşviq edilməsi prosesinə qəti sadiqliyinin əyani təcəssümüdür".
