Azərbaycan rəqəmsallaşmada ciddi irəliləyiş əldə edib - nazir müavini

İqtisadiyyat Materials 17 İyun 2026 16:24 (UTC +04:00)
Azərbaycan rəqəmsallaşmada ciddi irəliləyiş əldə edib - nazir müavini
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend

Güclü rəqəmsal ictimai infrastruktur süni intellektin inkişafının əsasını təşkil edir və Azərbaycan son beş ildə bu istiqamətdə əhəmiyyətli irəliləyiş əldə edib.

Trend-in tədbirdən olan müxbirinin məlumatına görə, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov İslam İnkişaf Bankı Qrupunun Özəl Sektor üzrə 14-cü Forumu çərçivəsində bildirib.

“Məsələ artıq ölkələrin süni intellekti tətbiq edib-etməməsində deyil, bunu praktik, inklüziv, təhlükəsiz və iqtisadi baxımdan faydalı şəkildə necə etməsindədir. Azərbaycanda süni intellekt rəqəmsal transformasiyanın, bilik və innovasiyalara əsaslanan iqtisadiyyata keçidin ayrılmaz hissəsi kimi nəzərdən keçirilir. Bu istiqamət Rəqəmsal İnkişaf Konsepsiyasında, 2025–2028-ci illər üzrə Süni İntellekt Strategiyasında və 2026–2028-ci illər üzrə rəqəmsal inkişafın sürətləndirilməsi üzrə Tədbirlər Planında təsbit olunub. Süni intellektin inkişafının əsasını güclü rəqəmsal ictimai infrastruktur təşkil edir. Son beş ildə Azərbaycan bu istiqamətdə real irəliləyiş əldə edib. mygov mobil platforması vətəndaşlara və biznesə yüzlərlə dövlət rəqəmsal xidmətini vahid tətbiq üzərindən təqdim edir”, — deyə o bildirib.

S.Əsədov qeyd edib ki, rəqəmsal identifikasiya və elektron imza platforması olan SİMA-dan artıq Azərbaycan əhalisinin yarıdan çoxu həm dövlət, həm də özəl sektorda istifadə edir.

“Online Azerbaijan layihəsi çərçivəsində ölkənin bütün ərazisi genişzolaqlı internetlə təmin edilib. Azərbaycan regionda mis infrastrukturundan tam imtina edən ilk ölkələrdən biri və genişzolaqlı rabitənin hər bir ev təsərrüfatı və yaşayış məntəqəsi üçün əlçatan olduğu ilk ölkə olub. Bu platformalar süni intellektin gələcək tətbiqi üçün əsas yaradır. Süni intellekt real faydanı yalnız etibarlı məlumatlara, təhlükəsiz rəqəmsal identifikasiyaya, qarşılıqlı uyğun sistemlərə və vətəndaşlara yönəlmiş xidmətlərə əsaslandıqda gətirir”, — deyə nazir müavini qeyd edib.

S.Əsədov bildirib ki, ölkədə milli süni intellekt ekosisteminin inkişafı üzrə konkret addımlar atılır. Buraya Milli Süni İntellekt Mərkəzinin yaradılması, dövlət sektorunda süni intellekt xidmətlərinin genişləndirilməsi və süni intellekt üçün tənzimləyici “sandbox”un işə salınması daxildir.

Nazir müavininin sözlərinə görə, bu təşəbbüslərin məqsədi süni intellektin tətbiqi və məsuliyyətli istifadəsi sahəsində milli potensialın formalaşdırılmasıdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti