Azərbaycanda islam bankçılığı aktivləri 2035-ci ilə qədər 2,7 milyard dollara çatacaq - IsDBI

İqtisadiyyat Materials 17 İyun 2026 14:01 (UTC +04:00)
Azərbaycanda islam bankçılığı aktivləri 2035-ci ilə qədər 2,7 milyard dollara çatacaq - IsDBI
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend

Baza ssenarisinə əsasən, Azərbaycanda islam bankçılığı aktivləri 2035-ci ilə qədər təxminən 2,7 milyard ABŞ dollarına çata bilər. Bu isə həmin dövr üçün proqnozlaşdırılan ümumi bank aktivlərinin 5 faizini təşkil edəcək.

Bu barədə İslam İnkişaf Bankı Qrupunun yeni hesabatında bildirilir.

Optimist ssenariyə əsasən isə aktivlərin həcmi 10 faizlik nüfuzetmə səviyyəsi ilə 3,6 milyard ABŞ dollarına qədər arta bilər.

İslam İnkişaf Bankı İnstitutu (IsDBI) və Beynəlxalq İslam Ticarət Maliyyələşdirmə Korporasiyası (ITFC) tərəfindən hazırlanan “Azərbaycanda islam maliyyəsi: yeni üfüqlərin açılması” adlı tədqiqat Bakıda keçirilən İslam İnkişaf Bankının illik toplantıları çərçivəsində təqdim olunub.

“Azərbaycanda islam maliyyəsinin potensialı bank sektoru və kapital bazarı ilə məhdudlaşmır, həmçinin inkişafın maliyyələşdirilməsi, sosial maliyyə və takafulu — islam sığortasını da əhatə edir. İslam İnkişaf Bankı Qrupu Azərbaycana 81 layihə üzrə ümumilikdə 1,29 milyard dollar maliyyə ayırıb. Bundan əlavə, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) Rabitəbank və TuranBank vasitəsilə hər biri 15 milyon dollar olmaqla KOB-lar üçün şəriətə uyğun maliyyələşdirmə həyata keçirir. Qeyd olunur ki, Azərbaycanın sığorta bazarı 1,35 milyard manatlıq sığorta haqları ilə ÜDM-in 1,1 faizini təşkil edir və İƏİT üzrə orta 6,2 faizlik göstərici ilə müqayisədə hələ də əhəmiyyətli dərəcədə az inkişaf edib. Bu isə takafulun inkişafı üçün imkanlar yaradır”, — deyə sənəddə bildirilir.

Hesabatda həmçinin vurğulanır ki, islam sosial maliyyəsinin qlobal potensialı əhəmiyyətlidir. Təkcə zəkatın illik həcmi 200 milyard dollardan 1 trilyon dollara qədər qiymətləndirilir. Bununla belə, Azərbaycanda institusional bazanın demək olar ki, sıfırdan formalaşdırılmasına ehtiyac var.

“Mərhələli inkişaf yol xəritəsi beş əsas istiqaməti əhatə etməlidir: tənzimləyici islahatlar, sektorun inkişafı, kadr potensialının artırılması, məlumatlılığın yüksəldilməsi və regional mövqeləndirmə. Bu, Azərbaycana MDB regionunda islam maliyyəsi mərkəzinə çevrilmək imkanı verə bilər. Azərbaycan Qlobal İslam Fintex İndeksində 46-cı yeri tutur ki, bu da inkişaf etmiş rəqəmsal infrastrukturun, rəqəmsal bankçılığın geniş yayılmasının və fintex sektorunun tənzimlənməsində irəliləyişin olduğunu göstərir. İslam maliyyə alətlərinin inkişafı likvidliyin idarə olunması mexanizmlərinin əhəmiyyətini artıracaq. İslam bazarı inkişaf etdikcə bazarın səmərəli fəaliyyətini təmin etmək üçün şəriətə uyğun likvidlik idarəetmə alətlərinə və banklararası mexanizmlərə tələbat artacaq”, — deyə IsDBI və ITFC analitikləri qeyd edirlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti