Bakı.Trend:
Bakı-Sumqayıt yolunda baş vermiş və gənc motosikletçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi cəmiyyətdə geniş rezonans doğurub. Hüquqşünas Fərhad Mehdiyev qəza nəticəsində həyatını itirən qızının ölümündə yolun hərəkət hissəsində dayanmış nasaz avtomobilin əsas rol oynadığını bildirib.
Yolun hərəkət hissəsində dayanmış nasaz avtomobil belə faciələrə necə zəmin yaradır?, Sürücülər və aidiyyəti qurumlar bu cür halların qarşısını almaq üçün hansı tədbirləri görməlidirlər?
Nəqliyyat eksperti Elməddin Muradlı Trend-ə açıqlamasında bildirib ki, hadisə ilə bağlı cinayət işi başlanılıb və qəzaya ilk növbədə avtotexniki ekspertiza rəy verməlidir.
Onun sözlərinə görə, məsələ ciddi şəkildə araşdırılacaq:
“Hadisə zamanı nəqliyyat vasitəsinin texniki nasaz vəziyyətdə olub-olmaması, motosiklet sürücüsünün sürücülük vəsiqəsinin olub-olmaması, texniki nasazlıq yaranarkən avtomobilin təhlükəsiz əraziyə çəkilib-çəkilməməsi, eləcə də xəbərdaredici nişanın quraşdırılıb-quraşdırılmaması araşdırılacaq”.
Ekspert qeyd edib ki, ümumilikdə motosiklet sürücüləri ilə bağlı məsələlər ciddi nəzarətdə saxlanılmalıdır:
“Belə qəzalarda gələcəyimiz olan gəncləri itiririk. Bu məsələyə həssas və son dərəcə ciddi yanaşılmalıdır. Bu tip sürücülərlə bağlı hansı tədbirlərin görülməli olduğu barədə qərarlar qəbul edilməlidir. Görüntülər motosiklet sürücüsünün sürətinin yüksək olduğunu deməyə əsas verir. Burada mərhumun atasının etirafları da diqqətdən yayınmamalıdır. Bütün valideynlər bu cür hadisələrdən nəticə çıxarmalıdır”.
Elməddin Muradlı bildirib ki, texniki nasazlıq yaranan hallarda sürücülər zəruri təhlükəsizlik tədbirlərinə mütləq əməl etməlidirlər:
“Texniki nasaz avtomobilin sürücüsü tərəfindən ən azı 15-20 metr məsafədə qəza dayanma nişanı quraşdırılmalıdır. Həmçinin nəqliyyat vasitəsinin mümkün qədər təhlükəsiz əraziyə çəkilməsi təmin olunmalıdır. Qəzanın görüntülərindən aydın olur ki, həmin sürücü hər hansı xəbərdarlıq sistemini işə salmayıb, sadəcə əli ilə işarə edib. Motosikletin sürəti isə elə həddə olub ki, sürücünün avtomobili görməsi ilə toqquşması, demək olar, eyni anda baş verib. Bu qəza istintaq tərəfindən detallı şəkildə araşdırılmalıdır”.
