Bakı. Trend:
Azərbaycan və İslam İnkişaf Bankının (İİB) digər üzv ölkələrinin biznes nümayəndələri fəaliyyətlərini regional və qlobal bazarlarda genişləndirmək üçün Bank Qrupunun maliyyə və sığorta alətlərindən daha fəal istifadə etməlidirlər.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki,Bu barədə İslam İnvestisiya Sığortası və İxrac Kreditlərinin Sığortalanması Korporasiyasının (ICIEC) baş direktoru Xalid Xələfalla İslam İnkişaf Bankı Qrupunun Özəl Sektor üzrə 14-cü Forumunda çıxışı zamanı bildirib.
“Mən Azərbaycanın və digər üzv ölkələrin biznes ictimaiyyətini təqdim etdiyimiz xidmətlərdən yararlanmağa dəvət etmək istərdim. Bu xidmətlər biznesin yerli, regional və qlobal səviyyədə inkişafına kömək edəcək”, – deyə o bildirib.
Xələfallanın sözlərinə görə, İslam İnkişaf Bankı 50 ildən artıqdır ki, üzv ölkələri dəstəkləyən və ticarətin maliyyələşdirilməsi, sığorta və özəl sektorun inkişafı sahələrində ixtisaslaşmış qurumlar yaratmış unikal Cənub-Cənub əməkdaşlıq institutudur.
O qeyd edib ki, İİB-in illik toplantıları çərçivəsində biznes nümayəndələri Bank Qrupuna daxil olan üç ixtisaslaşmış təşkilatın təqdim etdiyi imkanlarla onların sərgi stendində tanış ola bilərlər.
“İdeyalarınız və müraciətlərinizlə bizə üz tutduqda, bu, yeni məhsullar hazırlamağımıza kömək edir. Regional inteqrasiyanı investisiya baxımından cəlbedici etmək və onu reallığa çevirmək üçün məhz bu cür əməkdaşlıq vacibdir”, – deyə Xalid Xələfalla vurğulayıb.
