Azərbaycanda islam maliyyəsi üçün tənzimləyici neytrallıq təmin edilir - AMB

İqtisadiyyat Materials 17 İyun 2026 13:57 (UTC +04:00)
Azərbaycanda islam maliyyəsi üçün tənzimləyici neytrallıq təmin edilir - AMB
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend

Azərbaycanda islam bankçılığının inkişafı çərçivəsində islam maliyyə alətləri üçün vergi, sığorta və monetar neytrallıq təmin olunur.

Trend-in tədbirdən olan müxbirinin məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə İslam İnkişaf Bankı Qrupunun Özəl Sektor üzrə 14-cü Forumu çərçivəsində bildirib.

O deyib ki, ölkədə sukuk buraxılışının həcmi təxminən 0,5 milyard dollar, əlaqəli aktivlərin həcmi isə təxminən 1,3 milyard dollar təşkil edir.

“Gələcəkdə daha böyük göstəricilər gözləyirəm”, — deyə Ş.Mahmudzadə vurğulayıb.

Ş.Mahmudzadə qeyd edib ki, bu alətlərin əhəmiyyətli hissəsi xarici bazarlardan cəlb olunur. Onun sözlərinə görə, Azərbaycanda islam maliyyələşməsinin tətbiqi mərhələsində araşdırmalar aparılıb və nəticələr yüksək potensial tələbin olduğunu göstərib.

“Sorğuda iştirak edənlərin təxminən 80 faizi Azərbaycanda islam maliyyəsinə ehtiyac olduğunu bildirib”, — deyə o qeyd edib.

Şahin Mahmudzadə həmçinin bildirib ki, respondentlərin bir hissəsi islam maliyyəsini xeyriyyəçilik kimi qəbul edib.

“Təxminən 70 faiz hesab edirdi ki, banklar vəsaiti pulsuz təqdim edir və geri qaytarılmasını tələb etmir”, — deyə o bildirib.

O qeyd edib ki, bu, həmin sahədə maliyyə savadlılığının artırılmasının zəruriliyini göstərir. AMB-nin icraçı direktoru vurğulayıb ki, qanunvericilik dəyişiklikləri hazırlanarkən əsas prinsip ənənəvi və islam bankçılığı üçün şərtlərin neytrallığı olub.

Onun sözlərinə görə, söhbət vergi, sığorta və monetar neytrallıqdan gedir.

“Vergi neytrallığı olmadan islam maliyyələşməsində kredit daha baha olur”, — deyə o bildirib və əlavə edib ki, müvafiq dəyişikliklər artıq qanunvericiliyə daxil edilib.

Ş.Mahmudzadə, həmçinin depozitlərin sığortalanması sistemində neytrallığın təmin olunmasının, o cümlədən takaful sisteminə bənzər yanaşmaların vacibliyini qeyd edib. Ş.Mahmudzadə bildirib ki, üçüncü əsas element monetar neytrallıqdır. Bura likvidliyə və Mərkəzi Bankın alətlərinə çıxış da daxildir.

Onun sözlərinə görə, belə mexanizmlərin olmaması islam banklarının likvid aktivlərinin gəlirliliyini azalda bilər. O vurğulayıb ki, bərabər şərtlərin yaradılması islam maliyyə alətlərinə ənənəvi alətlərlə rəqabət aparmağa imkan verəcək.

“Biz islam pəncərələri üçün bu üç səviyyəli neytrallığı yaratmışıq”, — deyə o qeyd edib.

Şahin Mahmudzadə əlavə edib ki, sahənin inkişafı həm də maliyyə sektorunun öz fəallığından, infrastruktura və peşəkar kadrlara investisiya yatırmağa hazırlığından asılıdır.

O bildirib ki, Mərkəzi Bank bazar tərəfindən tələb olduğu halda islam maliyyəsinin inkişafını dəstəkləməyə hazırdır.

“Biz islam pəncərələrini dəstəkləməyə hazırıq, lakin tamhüquqlu islam bankçılığı sektoruna doğru irəliləmək üçün tələbi görməliyik”, — deyə o bildirib.

Ş.Mahmudzadə həmçinin qeyd edib ki, gələcəkdə islam bankçılığı üçün ayrıca lisenziyalaşdırma və infrastrukturun inkişafı mümkündür.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti