Bakı. Trend:
İslam İnkişaf Bankı Qrupu Azərbaycanın iqtisadi inkişafına dəstəyini bundan sonra da genişləndirmək niyyətindədir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu İslam İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (ICIEC) baş direktoru, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) baş direktorunun səlahiyyətlərini icra edən Xalid Xalafalla Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O, Azərbaycanla əməkdaşlıq üzrə imzalanmış yeni sazişlər və gələcək perspektivlər barədə açıqlama verib. Baş direktorun sözlərinə görə, Özəl Sektor Forumu çərçivəsində müxtəlif Azərbaycan qurumları ilə ümumilikdə beş əməkdaşlıq sazişi imzalanıb:
“Bu gün İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısıçərçivəsində Özəl Sektor Forumunun açılışı oldu. Açılış mərasimində İslam İnkişaf Bankı Qrupunun sədri, eləcə də Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov iştirak edirdi. Forum çərçivəsində beş saziş imzaladıq".
O qeyd edib ki, imzalanan sənədlər enerji, maliyyə və investisiya sahələrində əməkdaşlığın genişlənməsinə xidmət edəcək:
“ICD SOCAR ilə enerji sektoru, o cümlədən bərpa olunan enerji sahəsində maliyyələşmə imkanlarının araşdırılması və inkişafı üzrə anlaşma memorandumu imzalayıb. Eyni zamanda Azerconnect Group ilə də əməkdaşlıq sazişi bağlanıb".
Xalid Xalafalla əlavə edib ki, ICD həmçinin TuranBank ilə 20 milyon ABŞ dolları məbləğində müddətli maliyyə sazişi imzalayıb.
Onun sözlərinə görə, Türkiyə İnvestisiya Fondu ilə imzalanan çərçivə sazişi Mərkəzi Asiyada potensial investisiyaların cəlb olunmasına və resursların səfərbər edilməsinə dəstək verəcək.
Həmçinin ICD Azərbaycan Biznesin İnkişafı Fondu ilə də əməkdaşlığa dair çərçivə sazişi imzalayıb:
"Azərbaycan Biznesinin İnkişafı Fondu ilə imzalanan saziş Azərbaycan və regionda resursların səfərbər olunması üçün yeni imkanlar açacaq".
Xalid Xalafalla çıxışında İslam İnkişaf Bankı Qrupu ilə Azərbaycanın uzunmüddətli əməkdaşlıq tarixindən də bəhs edib. O bildirib ki, ICIEC ölkənin iqtisadi layihələrinin sığortalanmasında fəal iştirak edir:
“Azərbaycan 2023-cü ildə ICIEC-ə 49-cu üzv kimi qoşulub. O vaxtdan bəri ümumilikdə 164 milyon dollarlıq biznes sığortalanıb. Son dövrlərdə telekommunikasiya sektorunda mühüm bir layihənin sığortalanmasını həyata keçirmişik".
Baş direktor, həmçinin nəqliyyat və infrastruktur sahəsində əməkdaşlığın perspektivlərini vurğulayıb:
“Gələcəkdə xüsusilə nəqliyyat və infrastruktur layihələrini dəstəkləmək imkanlarımız var. Keçmişdə Qazaxıstandan Azərbaycana lokomotivlərin ixracını dəstəkləmişik və bu layihə bizim üçün mühüm nümunədir".
