Azərbaycan sukuk bazarında mühüm maliyyə mərkəzinə çevrilə bilər - Xalid Xalafalla (ÖZƏL)

Maliyyə Materials 17 İyun 2026 13:43 (UTC +04:00)
Azərbaycan sukuk bazarında mühüm maliyyə mərkəzinə çevrilə bilər - Xalid Xalafalla (ÖZƏL)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan sukuk bazarında mühüm maliyyə mərkəzinə çevrilə bilər.

Bunu İslam İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (ICIEC) baş direktoru, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) baş direktorunun səlahiyyətlərini icra edən Xalid Xalafalla Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində Trend-ə müsahibəsində deyib.

O, müsahibəsində Azərbaycanın regional və qlobal iqtisadi inteqrasiyada artan rolundan danışıb.

Baş direktorun sözlərinə görə, Bakının qısa müddət ərzində ikinci dəfə illik toplantıya ev sahibliyi etməsi Azərbaycanın Orta Dəhliz və daha geniş Mərkəzi Asiya regionunda strateji əhəmiyyətini təsdiqləyir:

“Bakıda illik toplantımızın 15 ildən az müddətdə ikinci dəfə keçirilməsi Azərbaycanın Mərkəzi Dəhliz və Mərkəzi Asiya regionu daxilində nə qədər vacib rol oynadığının göstəricisidir. Azərbaycanın tarixi İpək Yolu ənənəsinə əsaslanaraq regionlararası bağlantıların gücləndirilməsində böyük potensialı var".

O bildirib ki, ICD və digər tərəfdaş institutlar Mərkəzi Asiyadan kənara çıxan proqramlar vasitəsilə regional inteqrasiyanın genişləndirilməsinə çalışır: “Məqsəd yalnız Mərkəzi Asiya deyil, həm də Yaxın Şərqdən Azərbaycana daha çox biznes cəlb etmək, eyni zamanda Azərbaycan biznesini Cənub-Şərqi Asiya və Afrika kimi regionlara çıxarmaqdır. Azərbaycan şirkətləri üçün böyük potensial görürük".

Xalid Xalafalla əlavə edib ki, Azərbaycan şirkətləri həm maliyyə, həm də sığorta xidmətlərindən istifadə etməklə qlobal miqyasda daha rəqabətqabiliyyətli ola bilərlər.

O, sualları cavablandırarkən yeni maliyyə alətləri barədə də danışıb. Onun sözlərinə görə, sukuk bazarı əsas istiqamətlərdən biridir:

“Sukuk bizim mövcud məhsullarımızdandır. ICD-də sukuk üzrə məsləhət xidmətləri göstəririk və kapitalın cəlb olunmasına dəstək veririk. ICIEC-də isə sukuk sığortası adlı yeni məhsulu təşviq edirik ki, bu da sukukların kredit reytinqinin yüksəlməsinə və emissiya imkanlarının genişlənməsinə xidmət edir".

Onun sözlərinə görə, bu alətlər Azərbaycanın sukuk bazarına çıxışını gücləndirə və ölkənin regional və qlobal maliyyə inteqrasiyasını sürətləndirə bilər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti