Bakı. Trend:
Azərbaycan dayanıqlılıq və davamlı inkişafın təmin olunması üçün potensialın gücləndirilməsi, bilik və təcrübə mübadiləsi, eləcə də ölkələrin öz inkişaf prioritetlərinə əsaslanan layihələrin dəstəklənməsini əsas yanaşma kimi qəbul edir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunan “Yüksək Səviyyəli Dialoq: “Yardımdan daha çox potensialın inkişafı” – Dayanıqlılıq və davamlı inkişaf naminə beynəlxalq texniki yardım üzrə AIDA–İİB tərəfdaşlığı” tədbirində deyib.
Onun sözlərinə görə, Azərbaycan beynəlxalq donor fəaliyyəti çərçivəsində dünyanın 44 ən az inkişaf etmiş ölkəsindən 43-nə, Afrika qitəsinin 54 ölkəsindən 53-nə, həmçinin İslam Əməkdaşlıq Təşkilatına üzv 57 dövlətdən 51-nə maliyyə, texniki və potensialın artırılması istiqamətində dəstək göstərib.
“Bu geniş fəaliyyət coğrafiyası davamlı inkişafın yerli potensialın gücləndirilməsi, bilik və təcrübə mübadiləsi, eləcə də ölkələrin öz inkişaf prioritetlərinə əsaslanan layihələrin dəstəklənməsi yolu ilə əldə edilə biləcəyinə inamımızı əks etdirir”, – deyə Y.Rəfiyev bildirib.
Nazir müavini Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) ilə İslam İnkişaf Bankı arasında əməkdaşlığın genişləndiyini vurğulayıb.
“Birgə fəaliyyətimiz dörd əsas istiqamət üzrə inkişaf etdirilir: rəqəmsal innovasiyalar və informasiya-kommunikasiya texnologiyaları, səhiyyə və peşə təhsili, iqlim dayanıqlılığı və humanitar yardım. Bu əməkdaşlıq xüsusilə Afrika ölkələri, eləcə də Suriya, Əfqanıstan və digər həssas dövlətlərə yönəlib. Ümid edirik ki, bugünkü müzakirələr tərəfdaşlığın daha da inkişafına və praktik əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə töhfə verəcək”, – deyə o qeyd edib.
Y.Rəfiyev bu istiqamətdə fəaliyyət göstərən Azərbaycan qurumlarının roluna da diqqət çəkib.
“Vətəndaşyönümlü dövlət xidmətlərinin göstərilməsi sahəsində
böyük təcrübəyə malik ASAN xidmət modelinə beynəlxalq maraq
getdikcə artır. Bu ilin əvvəlində Pakistanda ASAN xidmət mərkəzinin
fəaliyyətə başlaması mühüm mərhələdir və pakistanlı
tərəfdaşlarımızın göstərdiyi maraq və əməkdaşlıqdan məmnunuq”, –
deyə o bildirib.
Nazir müavini vurğulayıb ki, iqlim dəyişikliklərinə həssas inkişaf
etməkdə olan ölkələrin üzləşdiyi problemlər artıq yalnız iqlim
məsələləri ilə məhdudlaşmır.
“Bir çox ölkələr eyni vaxtda inkişaf ehtiyacları, institusional potensial çatışmazlığı, humanitar təzyiqlər və dayanıqlı ictimai xidmətlərə artan tələbat kimi çağırışlarla üzləşir”, – deyə o bildirib.
Y.Rəfiyev xatırladıb ki, COP29 çərçivəsində Azərbaycan tərəfdaşları ilə birlikdə “Sülh, Yardım və Bərpa üçün İqlim Fəaliyyətinə dair Bakı Çağırışı” təşəbbüsünü irəli sürüb.
“Bu təşəbbüsün əsas nəticələrindən biri iqlim dəyişikliklərinə
həssas ölkələrə praktiki tərəfdaşlıqlar, texniki yardım,
potensialın artırılması və layihələrin hazırlanması istiqamətində
dəstək vermək məqsədilə Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzinin
yaradılması olub”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, mərkəzin əsas məqsədi ölkələrin milli
prioritetlərini investisiyaya hazır layihələrə çevirməsinə kömək
etməkdir.
“Biz anlayırıq ki, maliyyə resurslarına çıxış təkcə vəsaitlərin mövcudluğundan deyil, həm də keyfiyyətli layihələrin hazırlanması üçün tələb olunan institusional potensial və texniki biliklərdən asılıdır”, – deyə nazir müavini vurğulayıb.
Y.Rəfiyev bu yanaşmanın praktiki nümunəsi kimi Qvineya-Bisau ilə əməkdaşlığı göstərib.
“Bu yaxınlarda Bakı Mərkəzi çərçivəsində Qvineya-Bisau hökuməti
ilə praktiki əməkdaşlığa başlamışıq və yaxın gələcəkdə bu
tərəfdaşlıqdan konkret nəticələr əldə etməyi gözləyirik”, – deyə o
bildirib.
Nazir müavini qeyd edib ki, tədbir çərçivəsində keçirilən
panellərdən biri potensialın gücləndirilməsi, institusional
inkişaf, texniki yardım və tərəfdaşlıqlar vasitəsilə iqlim və
inkişaf maliyyəsinə çıxış imkanlarının artırılmasına həsr
olunub.
“Lakin maliyyələşdirmə təkbaşına kifayət etmir. Buna görə də ikinci panel dövlət təhsili və səhiyyə xidmətlərinin səmərəli təşkili üçün informasiya texnologiyaları və idarəetmə bacarıqlarının inkişafına fokuslanacaq. Rəqəmsal transformasiya və institusional potensialın gücləndirilməsinə yatırılan investisiyalar xidmətlərin keyfiyyətini artırmaqla yanaşı, dövlətlərin inkişaf və humanitar çağırışlara cavab vermək imkanlarını da gücləndirir”, – deyə o əlavə edib.
Y.Rəfiyevin sözlərinə görə, maliyyəyə çıxış və həmin vəsaitlərdən səmərəli istifadə etmək üçün institusional potensialın mövcudluğu bir-biri ilə sıx bağlı amillərdir.
“Bu əsasları eyni vaxtda gücləndirməklə daha dayanıqlı və uzunmüddətli inkişaf nəticələrinə nail olmaq mümkündür. Azərbaycan praktiki əməkdaşlığın təşviqi, tərəfdaşlıqların möhkəmləndirilməsi və ölkələrin öz ehtiyaclarına əsaslanan həllərin dəstəklənməsi istiqamətində fəaliyyətini davam etdirəcək”, – deyə o vurğulayıb.
