Azərbaycan-Koreya münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib (FOTO)

Siyasət Materials 17 İyun 2026 19:05 (UTC +04:00)
Azərbaycan-Koreya münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Koreya Respublikasının xarici işlər nazirinin müavini Çonq Eui-haenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüş zamanı, Azərbaycan-Koreya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoq, iqtisadiyyat, ticarət, investisiyalar, rəqəmsal inkişaf, təhsil, nəqliyyat, enerji təhlükəsizliyi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov ölkələrimiz arasında münasibətlərin inkişaf dinamikasını məmnunluqla qeyd edib. O, Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı infrastruktur layihələrinin, eləcə də ölkəmizin Avropa ilə Asiyanı birləşdirən əsas regional nəqliyyat və logistika marşrutlarında oynadığı rolun beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar yaratdığını vurğulayıb. Bu çərçivədə Orta Dəhlizin əhəmiyyəti, tranzit və bağlantı imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.

Tərəflər çoxtərəfli platformalarda əməkdaşlıq məsələlərini də müzakirə ediblər. Nazir Ceyhun Bayramov bu il Azərbaycanın sədrliyi çərçivəsində keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Sammitinin dialoq və etimadın möhkəmləndirilməsinə yönəlmiş birgə səylərə töhfə verdiyini qeyd edib.

Tərəflər rəqəmsal transformasiya, innovasiya və yüksək texnologiyalar sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib, bu istiqamətlərdə təcrübə mübadiləsinin və birgə layihələrin əhəmiyyətini qeyd ediblər. Təhsil sahəsində əməkdaşlığın, akademik mübadilə proqramlarının və insan kapitalının inkişafına yönəlmiş təşəbbüslərin perspektivləri nəzərdən keçirilib. Koreya təhsil standartları əsasında yaradılmış Sənayə və İnnovasiyalar Bakı Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyətinin, universitetlər arasında ikili diplom təhsil proqramlarının ölkələrimiz arasında artan əməkdaşlığın vacib istiqamətlərindən olduğu bildirilib.

Görüş zamanı enerji sahəsində əməkdaşlıq məsələləri, xüsusilə enerji təhlükəsizliyi, bərpa olunan enerji mənbələrinin inkişafı və yaşıl keçid istiqamətində həyata keçirilən layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov ölkəmizin bu yaxınlarda Koreya Respublikasının bütün növ pasport sahibləri üçün vizadan azadolma rejiminin tətbiq edilməsi qərarı barədə məlumat verdi. Tərəflər belə bir addımın turizm və digər sahələrdə əməkdaşlığın genişlənməsinə, habelə xalqlarımız arasında təmasların artmasına mühüm töhfə verəcəyini vurğulayıb.

Nazir Ceyhun Bayramov Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesi, sülh gündəliyinin irəlilədilməsi istiqamətində görülən işlər, habelə regionda davamlı sülh və sabitliyin təmin olunması üzrə mövcud vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Bununla yanaşı, tərəflər Vaşinqtonda keçirilmiş tarixi sammitin regional əməkdaşlığın təşviqi baxımından əhəmiyyətini qeyd edib, sammit çərçivəsində əldə olunmuş nəticələrin yeni imkanlar yaratdığını vurğulayıblar.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Eyni gündə, Azərbaycan Respublikası və Koreya Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Koreya tərəfindən isə xarici işlər nazirinin müavini Çonq Eui-hae başçılıq edib.

Xəbər lenti

Xəbər lenti