Süni intellekt hakim mülahizəsini əvəz edə bilməz - Konstitusiya Məhkəməsinin sədri

Cəmiyyət Materials 18 İyun 2026 11:21 (UTC +04:00)
Süni intellekt hakim mülahizəsini əvəz edə bilməz - Konstitusiya Məhkəməsinin sədri
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Süni intellekt texnologiyaları məhkəmə sisteminin fəaliyyətinin təkmilləşdirilməsi üçün geniş imkanlar yaratsa da, insan faktorunu tam əvəz edə bilməz.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev “Süni İntellekt Dövründə İnsan Hüquqları: İmkanlar, Risklər və Məsuliyyətlər” mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammitində deyib.

O qeyd edib ki, süni intellekt məhkəmə praktikasının sistemləşdirilməsi, hüquqi məlumat bazalarının təhlili və məhkəmə xidmətlərinin əlçatanlığının artırılması baxımından faydalı vasitə ola bilər.

Bununla yanaşı, F.Abdullayev vurğulayıb ki, ədalət mühakiməsinin mahiyyəti yalnız texniki prosedurlarla məhdudlaşmır.

“Onun əsasında hüquqi təfəkkür, vicdan, daxili inam və insan hüquqlarının mahiyyətinin düzgün qiymətləndirilməsi dayanır. Buna görə də süni intellekt hakim mülahizəsini və insan faktorunu tam əvəz edə bilməz”, - deyə o bildirib.

Konstitusiya Məhkəməsinin sədri əlavə edib ki, süni intellektin inkişafı ilə yanaşı, şəxsi məlumatların qorunması, alqoritmik diskriminasiya, rəqəmsal nəzarət və fundamental hüquqların müdafiəsi ilə bağlı yeni hüquqi çağırışlar da meydana çıxır.

F.Abdullayevin sözlərinə görə, müasir hüquq sistemləri qarşısında duran əsas vəzifələrdən biri texnoloji inkişaf ilə fundamental hüquqlar arasında balansın təmin edilməsidir.

O həmçinin qeyd edib ki, süni intellektin hüquqi tənzimlənməsi sahəsində beynəlxalq əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır və rəqəmsal texnologiyaların qlobal xarakteri vahid hüquqi yanaşmaların və ortaq standartların formalaşdırılmasını zəruri edir.

F.Abdullayev bildirlib ki, Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası ölkədə bu sahənin inkişafına dair vahid strateji baxışı müəyyən edib.

O bildirib ki, Strategiyada süni intellekt ekosisteminin formalaşdırılması, innovasiyaların təşviqi, yüksəkixtisaslı kadr potensialının gücləndirilməsi, müasir infrastrukturun yaradılması, məlumat təhlükəsizliyinin təmin edilməsi və etik-hüquqi çərçivənin təkmilləşdirilməsi əsas prioritetlər kimi müəyyənləşdirilib.

F.Abdullayev vurğulayıb ki, bu sənəd yalnız texnoloji tərəqqiyə yönəlmiş proqram xarakterli sənəd deyil.

“Strategiya insan hüquqlarının, şəffaflığın, hesabatlılığın və insan nəzarəti prinsipinin qorunmasını əsas götürən müasir idarəetmə fəlsəfəsinin təzahürüdür”, - deyə o qeyd edib.

Konstitusiya Məhkəməsinin sədri bildirib ki, Strategiya Azərbaycanın qlobal rəqəmsal transformasiya proseslərinə inteqrasiyasını təmin etməklə yanaşı, süni intellektin insan mərkəzli, təhlükəsiz və məsuliyyətli inkişafı üçün möhkəm hüquqi və institusional zəmin yaradır.

Onun sözlərinə görə, süni intellekt texnologiyalarının tətbiqində əsas meyar insan hüquqlarının prioritetliyinin təmin edilməsidir və insan hüquqlarına təsir edən hər bir texnoloji mexanizm qanunçuluq, legitim məqsəd, proporsionallıq və hüquqi müəyyənlik prinsiplərinə uyğun fəaliyyət göstərməlidir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti