Bakı. Trend:
Misir sukuk buraxılışı sahəsində uğurlu təcrübəyə malikdir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Misirin planlaşdırma və iqtisadi inkişaf naziri, İslam İnkişaf Bankı (İİB) Qrupunda Misiri təmsil edən idarəçi Ahmed Rostom Bakıda keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində "Etikentlənmiş sukuk - növbəti hüdud" mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, 5 milyard dollar həcmində beynəlxalq suveren sukuk proqramı çərçivəsində Misir 1,5 milyard dollar dəyərində 3 illik emissiya yerləşdirib.
“Bu emissiyaya tələb təklifi təxminən 4 dəfə üstələdi, və maliyyə vəsaitlərinin cəlb olunma dəyəri ənənəvi borclanma alətlərimizlə müqayisədə təxminən 70 baza bəndi daha aşağı oldu”, – deyə o bildirib.
Rostom qeyd edib ki, bu, Misir üçün böyük uğur olub və ölkənin bu bazara çıxışını təmin edərək gələcəkdə istifadə ediləcək mühüm təcrübə qazandırıb.
“Biz yalnız beynəlxalq səviyyə ilə kifayətlənmədik. Daxili bazarda da milli qiymətli kağızların buraxılmasını nəzərdən keçiririk, çünki burada böyük tələb mövcuddur. Bu, özəl sektorun da korporativ sukuklar vasitəsilə maliyyə cəlb etməsinə təkan verib”, – deyə nazir bildirib.
O əlavə edib ki, markalanmış sukuk konsepsiyası İslam maliyyəsinin prinsipləri ilə tam uyğunluq təşkil edir və ESG (ətraf mühit, sosial və idarəetmə) yanaşmalarını birləşdirir.
“Bu prinsiplər İslam maliyyəsinin və xüsusilə sukuk alətinin əsasına üzvi şəkildə inteqrasiya olunub. Buna görə də markalanmış sukuk kimi məhsullarla bazara çıxış adətən çox uğurlu olur”, – deyə o vurğulayıb.
