Bakı. Trend:
Qlobal sukuk bazarının həcmi 2030-cu ilə qədər 1,8 trilyon dollara çata bilər.
Trend-in tədbirdəki müxbiri xəbər verir, bunu Malayziyanın Mərkəzi Bankının müavini Adnan Zeylani Zahid İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində bildirib.
Onun sözlərinə görə, dünya sukuk bazarı son iki onillik ərzində İslam maliyyəsinin niş seqmentindən tam hüquqlu qlobal aktiv sinfinə və uzunmüddətli maliyyələşmə alətinə çevrilib.
"Bir zamanlar İslam maliyyəsinin niş seqmenti kimi başlayan bu bazar bu gün dünya iqtisadiyyatları üçün qlobal aktiv sinfinə, likvidlik təminatı və uzunmüddətli maliyyələşmə alətinə çevrilib. Dünya sukuk bazarının ümumi həcmi artıq 1 trilyon dolları keçib.
Qlobal sukuk bazarı dövriyyədəki alətlər üzrə 1 trilyon dolları ötüb və on il əvvəlki göstəricilərlə müqayisədə təxminən beş dəfə artıb. 2030-cu ilə qədər bu rəqəmin 1,8 trilyon dollara çatması gözlənilir", — deyə o bildirib.
Malayziyanın Mərkəzi Bankının müavini qeyd edib ki, dünya iqtisadiyyatının infrastruktur investisiyalarına olan ehtiyacı kapitalın səfərbər edilməsinə yeni yanaşmalar tələb edir.
"Dövlət maliyyəsi artıq kifayət deyil, xüsusilə 2040-cı ilə qədər 15 trilyon dollar olaraq qiymətləndirilən qlobal infrastruktur maliyyələşməsi kəsiri fonunda. İslam maliyyə alətləri uzunmüddətli infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün yüksək potensial daşıyır. İslam maliyyə alətləri, xüsusilə sukuklar, daha davamlı və sabit iqtisadi artım üçün möhkəm əsas təmin edir", — deyə o bildirib.
Onun sözlərinə görə, sukuklar artıq dünyanın müxtəlif ölkələrində əsas infrastrukturun inkişafında mühüm rol oynayıb.
A.Zahid qeyd edib ki, sukuklar hesabına bərpa olunan enerji obyektləri, logistika təchizat zəncirləri, rəqəmsal rabitə şəbəkələri, həmçinin dəmiryolu və şəhər nəqliyyat sistemləri daxil olmaqla nəqliyyat infrastrukturu maliyyələşdirilir.
O bildirib ki, Malayziyada 2025-ci ildə sukuklar vasitəsilə real iqtisadiyyata 34 milyard dollardan çox investisiya yönəldilib.
Həmçinin o qeyd edib ki, 2025-ci ilin sonuna olan məlumata görə dövriyyədəki davamlı və ESG-bağlı sukukların həcmi təxminən 70 milyard dollar olaraq qiymətləndirilir ki, bu da kapitalın ekoloji və sosial cəhətdən əhəmiyyətli layihələrə artan axınını əks etdirir.
