Bakı. Trend:
Prezident İlham Əliyevin Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciəti süni intellektlə bağlı strateji baxışı ortaya qoyur.
Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.
"Prezident İlham Əliyevin Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına ünvanladığı müraciətsüni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə insan hüquqlarının qorunması məsələsinin qlobal gündəliyin əsas mövzularından birinə çevrildiyini göstərir", - deyə o qeyd edib.
Politoloqun sözlərinə görə, müraciətdə diqqət çəkən əsas məqam ondan ibarətdir ki, Prezident İlham Əliyev süni intellekti yalnız texnoloji tərəqqi vasitəsi kimi deyil, həm də hüquqi, sosial və etik nəticələr doğuran mühüm amil kimi qiymətləndirir.
"Müraciətin "Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər" mövzusuna həsr olunması təsadüfi deyil. Hazırda dünyada süni intellektin dövlət idarəçiliyindən səhiyyəyə, təhsildən iqtisadiyyata qədər bir çox sahədə tətbiqi genişlənir. Bu texnologiyalar xidmətlərin keyfiyyətinin artırılması, qərar qəbuletmə prosesinin sürətləndirilməsi və resurslardan daha səmərəli istifadə baxımından böyük üstünlüklər yaradır. Lakin eyni zamanda şəxsi məlumatların qorunması, məlumat təhlükəsizliyi, rəqəmsal nəzarət, alqoritmik ayrı-seçkilik və insan müdaxiləsinin azalması kimi ciddi narahatlıqlar da meydana çıxır".
A. Qarayev qeyd edib ki, Prezident İlham Əliyev müraciətində Azərbaycanın bu proseslərə yanaşmasının əsas prinsipini də açıqlayır.
"Həmin prinsip texnoloji inkişafın insan amilinə xidmət etməsidir. Bu yanaşma göstərir ki, ölkədə rəqəmsallaşma və innovasiyalar yalnız texniki modernləşmə kimi deyil, vətəndaşların rifahına, hüquqlarının müdafiəsinə və dövlət xidmətlərinin əlçatanlığının artırılmasına xidmət edən vasitə kimi nəzərdən keçirilir. Müraciətdə hüquqi aktların, konsepsiyaların və fəaliyyət planlarının xüsusi vurğulanması onu göstərir ki, Azərbaycan süni intellektin inkişafını tənzimləyən hüquqi mexanizmlərin yaradılmasını vacib hesab edir. Dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da süni intellekt sahəsində hüquqi çərçivənin formalaşdırılması gələcəkdə yarana biləcək risklərin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. Çünki texnologiyanın sürətli inkişafı hüquqi tənzimləmələrin də paralel şəkildə yenilənməsini tələb edir".
Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin milli süni intellekt infrastrukturu, informasiya təhlükəsizliyi və rəqəmsal idarəetmə ilə bağlı vurğuları Azərbaycanın bu sahəyə strateji yanaşdığını göstərir.
"Bu, həm dövlət idarəçiliyində səmərəliliyin artırılması, həm də ölkənin qlobal rəqəmsal rəqabət qabiliyyətinin gücləndirilməsi baxımından mühüm istiqamət hesab olunur. Xüsusilə informasiya təhlükəsizliyi məsələsinin ön plana çəkilməsi süni intellekt dövründə kibertəhlükəsizlik risklərinin artması ilə birbaşa bağlıdır. Müraciətdə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən "ağıllı şəhər" və "ağıllı kənd" layihələrinin qeyd olunması da xüsusi diqqət çəkir. Bu layihələr yalnız infrastrukturun yenidən qurulması deyil, həm də müasir texnologiyalar əsasında yeni yaşayış modelinin formalaşdırılması kimi təqdim edilir. Burada süni intellekt, rəqəmsal həllər və ekoloji dayanıqlılıq prinsiplərinin bir araya gətirilməsi Azərbaycanın postmünaqişə dövründə innovativ inkişaf modelinə üstünlük verdiyini nümayiş etdirir".
A. Qarayev bildirib ki, Prezident İlham Əliyev müraciətində ombudsman institutunun roluna da xüsusi yer ayırır.
"Bu vurğu təsadüfi deyil. Çünki süni intellektin geniş tətbiqi insan hüquqlarının müdafiəsi ilə məşğul olan qurumların fəaliyyət istiqamətlərini də dəyişir. Gələcəkdə vətəndaşların rəqəmsal hüquqlarının qorunması, şəxsi məlumatlardan istifadəyə nəzarət və alqoritmlərin şəffaflığının təmin edilməsi kimi məsələlər ombudsman institutlarının fəaliyyətində daha böyük yer tuta bilər. Ümumilikdə müraciət Azərbaycanın süni intellekt sahəsində qlobal çağırışları yaxından izlədiyini və bu proseslərdə insan hüquqlarının qorunmasını əsas prioritetlərdən biri hesab etdiyini göstərir. Sənəddə verilən mesaj ondan ibarətdir ki, texnoloji inkişaf nə qədər sürətli olsa da, onun mərkəzində insan dayanmalı, innovasiyalar hüquq və azadlıqların genişlənməsinə xidmət etməlidir. Bu baxımdan Bakı Sammiti həm beynəlxalq təcrübə mübadiləsi, həm də süni intellekt dövründə insan hüquqlarının qorunmasına dair yeni yanaşmaların müzakirəsi üçün mühüm platforma kimi qiymətləndirilə bilər", - deyə o qeyd edib.
