Bakı. Trend:
Dövlət Dəniz və Liman Agentliyi dənizçilərin sertifikatlaşdırılması sisteminin təkmilləşdirilməsi məqsədilə kapitan və komandir heyəti üzvlərinin sertifikatlarının (diplomlarının) yenilənməsi prosesini daha sadə və çevik mexanizm əsasında həyata keçirəcək.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib
Mətbuat xidmətinin məlumatına görə, yeni qaydalara əsasən, kapitan və komandir heyəti üzvləri sertifikatlarına (diplomlarına) uyğun vəzifədə son 5 il ərzində azı 12 ay və ya son 6 ayda azı 3 ay dənizdə xidmət stajını təsdiqləyən sənədi təqdim etdikdə və Agentlikdə təşkil olunan müvafiq təlimatlandırmadan keçdiyi halda sertifikatlarını (diplomlarını) təkmilləşdirmə kursu və biliklərin yoxlanılması imtahanı olmadan yeniləmək imkanı qazanacaqlar.
Məlumatda o da qeyd olunub ki, yeni mexanizm 22 iyun 2026-cı il tarixindən tətbiq olunacaq. Həmin tarixədək verilmiş sertifikatların (diplomların) etibarlılıq müddətinin başa çatmasına 6 aydan az müddət qaldıqda dənizçilər bu sənədlərin yenilənməsi üçün Agentliyə müraciət edə bilərlər.
Nazirliyin mətbuat xidməti xatırladıb ki, hazırda qüvvədə olan qaydalara əsasən, kapitan və komandir heyəti sertifikatlarının (diplomlarının) yenilənməsi üçün aşağıdakı şərtlərdən birinin yerinə yetirilməsi tələb olunur:
• son 5 il ərzində azı 12 ay və ya son 6 ay ərzində azı 3 ay
dənizdə xidmət stajını, habelə təkmilləşdirmə kursunu
müvəffəqiyyətlə bitirdiyini təsdiq edən xüsusi hazırlıq
şəhadətnaməsini təqdim etmək və ya
• son 5 il ərzində azı 12 ay və ya son 6 ay ərzində azı 3 ay
dənizdə xidmət stajını təsdiq etməklə Agentlik tərəfindən keçirilən
bilik və bacarıqların yoxlanılması imtahanında iştirak
"Dənizdə xidmət stajına dair tələbləri yerinə yetirməyən şəxslər üçün isə təkmilləşdirmə kursunu müvəffəqiyyətlə başa vurmaq və ya Agentliyin təşkil etdiyi bilik və bacarıqların yoxlanılması imtahanında iştirak tələbi qüvvədə qalır.
Dəyişikliklərin əsas məqsədi “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” 1978-ci il tarixli, düzəlişlər edilmiş Beynəlxalq Konvensiyanın (DHDNÇ Konvensiyası) tələblərinə uyğunluğun təmin edilməsi, sertifikatlaşdırma prosesinin optimallaşdırılması, inzibati yükün azaldılması və dənizçilərə daha operativ xidmət göstərilməsidir", - məlumatda qeyd olunub.
