Bakı. Trend:
Azərbaycan və İslam İnkişaf Bankı (İİB) Qrupu tərəfdaşlıq strategiyası üzərində işləyir.
Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində bəyan edib.
“Bizim tərəfdaşlığımız yeni mərhələyə yüksəlib. Azərbaycanın Bankdakı payı 0,1 faizdən 1 faizə qədər artaraq on dəfə yüksəlib. Layihələr portfelimiz əhəmiyyətli dərəcədə genişlənib. Birgə olaraq su təchizatı və tullantı sularının təmizlənməsi, dəmir yolları və kənd təsərrüfatı sahələrində, o cümlədən azad edilmiş ərazilərdə və Ələt Azad İqtisadi Zonasında yeni layihələr üzərində işləyirik. Həqiqətən də əməkdaşlığımız strateji səviyyəyə çatıb. Hazırda tərəfdaşlıq strategiyası üzərində işləyirik və çoxillik tərəfdaşlıq strategiyası proqramı üzrə qarşılıqlı anlaşma memorandumunu imzalamaqdan məmnun olaram”, – deyə o bildirib.
Nazir qeyd edib ki, Azərbaycan iqtisadi transformasiya və insan kapitalının inkişafı sahələrində əldə etdiyi uğurlu təcrübəni bölüşməyə açıqdır.
“Azərbaycan xüsusilə təşkilata üzv ölkələrin əksəriyyəti üçün mühüm əhəmiyyət daşıyan Cənub–Cənub iqtisadi əməkdaşlığı modellərinin gücləndirilməsinə sadiqdir. Həmçinin Bankın komandasına Azərbaycanın Ərəb Koordinasiya Qrupu ilə əlaqələrinin qurulmasında göstərdiyi liderliyə görə təşəkkür edirəm. Tərəfdaşlarımızın səyləri sayəsində su təchizatı, dəmir yolları və yol infrastrukturu sahələrində milyardlarla dollar dəyərində layihələr portfelini irəli aparırıq. Milli strategiyamızın əsas hərəkətverici qüvvələri özəl sektorun inkişafı, insan kapitalı və texnoloji transformasiyadır”, – deyə Mikayıl Cabbarov əlavə edib.
O bildirib ki, qonaqların bu həftə müşahidə etdiyi tərəqqi təkcə bir islahat addımının, bir proqramın və ya bir investisiya dövrünün nəticəsi deyil. Bu, uzun illər ərzində ardıcıl şəkildə həyata keçirilən uzunmüddətli milli baxışın və yalnız siyasət formalaşdırmaq deyil, həm də nəticə əldə etmək məqsədi daşıyan institutların fəaliyyətinin məhsuludur.
“Biz İİB Qrupunu üzv ölkələrin əlaqəliliyi gücləndirən, ticarəti və insanların hərəkətini asanlaşdıran ümumi çərçivələr vasitəsilə regional əməkdaşlığı daha da necə dərinləşdirə biləcəyini araşdırmağa çağırırıq. Ümid edirik ki, bu İllik Toplantılar ən uğurlu və yadda qalan tədbirlərdən biri olacaq”, – deyə nazir vurğulayıb.
