Azərbaycanda sənaye zonaları ixracyönümlü istehsal üçün əlverişli platforma yaradır - Anar Axundov

İqtisadiyyat Materials 18 İyun 2026 17:12 (UTC +04:00)
Azərbaycanda sənaye zonaları ixracyönümlü istehsal üçün əlverişli platforma yaradır - Anar Axundov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda sənaye zonaları ixracyönümlü istehsal üçün əlverişli platforma yaradır.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Anar Axundov İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunan "Daha çox birbaşa xarici investisiyadan daha keyfiyyətli birbaşa xarici investisiyaya: Dayanıqlı inkişaf üçün investisiyaların təşviqi" panelində deyib.

Anar Axundov çıxışında bildirib ki, Azərbaycanda sənaye zonaları ixracyönümlü istehsalın inkişafı üçün əlverişli platforma yaradır.

“Azərbaycanın sənaye zonalarında ixracyönümlü istehsalın inkişafı üçün əlverişli şərait yaradılıb. Ölkəmizdə, o cümlədən azad edilmiş ərazilərdə müasir infrastruktur və rəqabətqabiliyyətli güzəştlər təqdim edən sənaye zonaları şəbəkəsi formalaşdırılıb. Bu platformalar investorların bazara daha sürətli daxil olmasına və fəaliyyətlərini daha səmərəli qurmasına imkan verir”, – deyə nazir müavini qeyd edib.

O, azad edilmiş ərazilərdə geniş iqtisadi imkanların formalaşdığını da vurğulayıb: “Azad edilmiş ərazilərə gəldikdə isə, burada mühüm inkişaf imkanları görürük. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən ən iri bərpa və yenidənqurma proqramı çərçivəsində dövlət tərəfindən maliyyələşdirilən müasir infrastruktur, etibarlı bağlantılar və investisiya təşviqləri özəl sektorun iştirakı üçün yeni imkanlar yaradır".

Nazir müavini Naxçıvanın da mühüm potensiala malik olduğunu qeyd edib:

“Digər mühüm inkişaf potensialına malik region Naxçıvan Muxtar Respublikasıdır. 2026-cı il yanvarın 1-dən etibarən burada da 10 illik vergi güzəştləri tətbiq olunub. Naxçıvanın Türkiyə, İran və Ermənistanla sərhəd bölgəsində yerləşməsi onun strateji əhəmiyyətini artırır".

Anar Axundov əlavə edib ki, investisiya mühitinin yaxşılaşdırılması istiqamətində dövlət dəstəyi genişləndirilir:

“Son illərdə Azərbaycan vergi və gömrük güzəştləri, dövlət-özəl tərəfdaşlığı mexanizmləri, ixracın təşviqi alətləri, güzəştli maliyyələşdirmə və sahibkarlığa məqsədli dəstək vasitəsilə investisiya ekosistemini davamlı şəkildə təkmilləşdirir. Prezident İlham Əliyevin imzaladığı son fərman isə bu istiqamətdə atılan addımları daha da gücləndirir".

O, həmçinin qeyd edib ki, görülən tədbirlər ixracın genişlənməsinə və biznesin inkişafına xidmət edir:

“Qeyri-neft-qaz ixracının stimullaşdırılması və nəqliyyat xərclərinin dəstəklənməsi ixracatçıların yeni bazarlara çıxışını asanlaşdıracaq və məhsullarımızın rəqabət qabiliyyətini artıracaq. Kredit zəmanəti və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi isə xüsusilə regionlarda biznesin maliyyəyə çıxış imkanlarını genişləndirəcək".

Nazir müavininin sözlərinə görə, bütün bu addımlar iqtisadi inkişafı dəstəkləyir: “Bu tədbirlər biznesin böyüməsinə, ixrac imkanlarının genişlənməsinə, investisiyaların artmasına, innovasiyaların təşviqinə və qlobal dəyər zəncirlərinə daha fəal inteqrasiyaya xidmət edir".

Anar Axundov çıxışında beynəlxalq əməkdaşlığın əhəmiyyətini də vurğulayıb: “Milli dəstək mexanizmləri beynəlxalq təcrübə, maliyyə alətləri və institusional tərəfdaşlıqlarla əlaqələndirildikdə daha effektiv nəticə verir. Bu baxımdan İslam İnkişaf Bankı Qrupu mühüm rol oynayır".

O əlavə edib ki, Azərbaycan İslam İnkişaf Bankı ilə uzunmüddətli əməkdaşlığa malikdir:

“Azərbaycan 1992-ci ildən İslam İnkişaf Bankının üzvüdür və bu müddət ərzində ölkəyə 1 milyard ABŞ dollarından artıq kredit ayrılıb”.

O vurğulayıb ki, bugünkü müzakirə investisiyaların keyfiyyətinin artırılması, dayanıqlı inkişaf və iqtisadi diversifikasiya baxımından çox önəmlidir:

"Əminəm ki, bu panel həm Azərbaycan, həm də tərəfdaş ölkələr üçün faydalı nəticələr verəcək”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti