Bakı. Trend:
Süni intellekt texnologiyalarının sürətli inkişafı insan hüquqları sahəsində yeni hüquqi, etik və institusional çağırışlar formalaşdırır.
Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva
“Süni İntellekt Dövründə İnsan Hüquqları:
İmkanlar, Risklər və Məsuliyyətlər” mövzusunda keçirilən
Ombudsmanların Beynəlxalq Bakı Sammitində deyib.
O bildirib ki, müasir dövrdə insan hüquqları gündəliyi artıq yalnız ənənəvi hüquq və azadlıqların müdafiəsi ilə məhdudlaşmır. Rəqəmsal texnologiyaların sürətli inkişafı yeni hüquqi və etik yanaşmaların, həmçinin effektiv müdafiə mexanizmlərinin yaradılmasını zəruri edir.
“Süni intellekt artıq təkcə texniki alət deyil. O, dövlət idarəçiliyində, təhsil, səhiyyə, sosial müdafiə, əmək münasibətləri, media və informasiya mühiti, eləcə də hüquq-mühafizə və məhkəmə fəaliyyətində mühüm vasitəyə çevrilib. Buna görə də süni intellekt sistemləri qanunçuluq, şəffaflıq, hesabatlılıq, bərabərlik və insan ləyaqətinə hörmət prinsipləri ilə uzlaşdırılmalıdır”, - deyə Ombudsman vurğulayıb.
Səbinə Əliyevanın sözlərinə görə, son illərdə Azərbaycanda qəbul edilmiş dövlət proqramları və strateji sənədlər süni intellekt texnologiyalarının təhlükəsiz, etik, şəffaf və insan hüquqlarına əsaslanan prinsiplər çərçivəsində tətbiqini təşviq edir, eyni zamanda rəqəmsal iqtisadiyyatın inkişafına və dövlət xidmətlərinin səmərəliliyinin artırılmasına xidmət göstərir.
O qeyd edib ki, ombudsman institutları rəqəmsal transformasiya dövründə insan hüquqlarının müdafiəsində mühüm rol oynayır. Bu qurumlar pozulmuş hüquqların bərpası ilə yanaşı, monitorinq, hüquqi maarifləndirmə, qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlığın inkişafına da töhfə verir.
Çıxışı zamanı Ombudsman bildirib ki, qurum tərəfindən “Süni intellekt və insan hüquqları: nələri bilməliyik?” adlı yeni nəşr hazırlanıb. Vəsaitdə süni intellekt texnologiyalarının insan hüquqlarına təsiri, mövcud risklər və müdafiə mexanizmləri sistemli şəkildə təqdim olunub.
Səbinə Əliyeva beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayaraq qeyd edib ki, süni intellekt sahəsində yaranan risklərin effektiv idarə olunması ortaq yanaşmaların və çoxtərəfli əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasını tələb edir.
