Bakı. Trend:
Azərbaycan 2027-ci il üçün İslam İnkişaf Bankı (İİB) Qrupunun İdarəçilər Şurasının sədri səlahiyyətlərini Burkina-Fasoya təhvil verib.
Trend-in müxbiri xəbər verir ki, təhvilvermə mərasimi İslam İnkişaf Bankı Qrupunun Bakıda keçirilən İllik Toplantısı çərçivəsində plenar iclasın yekununda baş tutub.
İclasda çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov forumun uğurla keçirilməsinə verdikləri töhfəyə görə tədbirin bütün iştirakçılarına və təşkilatçılarına təşəkkür edib.
“2026-cı ilin İllik Toplantılarını bağlı elan etməzdən əvvəl hazırkı plenar iclasın uğuruna töhfə verən hər kəsə təşəkkür etmək istərdim”, — deyə nazir bildirib.
O, Azərbaycana səfərə, forumun işində fəal iştiraka və İİB Qrupunun institutlarının gələcək inkişafına verdikləri töhfəyə görə idarəçilərə və idarəçi müavinlərinə, nümayəndə heyətlərinin rəhbərlərinə, şura üzvlərinə və bütün iştirakçılara minnətdarlığını ifadə edib.
“Azərbaycan Respublikası adından təşkilatçı komandalara, könüllülərə və tərəfdaşlarımıza təşəkkür edirəm. Onların səyləri bu görüşlərin Bakıda uğurla keçirilməsini təmin etdi.
Sizi ölkəmizdə qəbul etmək Azərbaycan üçün böyük şərəf idi. Sizə ölkəmizdə bundan sonrakı səmərəli qalma müddəti və evə təhlükəsiz dönüş arzulayıram. Əməkdaşlığımızın davam edəcəyinə ümid edirəm”, — deyə Cabbarov qeyd edib.
Nazir həmçinin tədbir boyunca iştirakçılar arasında səmərəli kommunikasiyanı təmin edən tərcüməçilərə xüsusi təşəkkürünü bildirib.
“İcazə verin, görüşün bütün iştirakçıları adından bu günlər
ərzində aramızda fasiləsiz və qüsursuz ünsiyyəti təmin edən
tərcüməçilər komandasına da təşəkkür edim”, — deyə o əlavə
edib.
