Bakı. Trend:
Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) Azərbaycanda kiçik və orta biznesə (KOB) dəstəyini yerli banklar vasitəsilə milli valyutada maliyyə cəlb etməklə genişləndirmək niyyətindədir. Korporasiya, həmçinin ölkənin nəqliyyat dəhlizlərinin inkişafı ilə bağlı infrastruktur layihələrində iştirak imkanlarını nəzərdən keçirir.
Bunu Trend-ə özəl müsahibəsində İslam İnkişaf Bankı Qrupunun 14-cü Özəl Sektor Forumu çərçivəsində ICD-nin maliyyələşdirmə istiqamətinin rəhbəri Ulan Abılqaziyev deyib.
Onun sözlərinə görə, ICD-nin proqramı yerli maliyyə institutları vasitəsilə Azərbaycan KOB-larının dəstəklənməsinə yönəlib.
“ICD Azərbaycanda 2003-cü ildən fəaliyyət göstərir və respublika korporasiyanın KOB-lara dəstək proqramını həyata keçirdiyi ilk MDB ölkəsi olub. Biz təxminən on bankla - həm dövlət, həm də özəl banklarla əməkdaşlıq etmişik. Dəstəyimizin 90 faizdən çoxu məhz kiçik və orta biznesə yönəlib. İndi ICD bu fəaliyyətin miqyasını artırmaq və yerli bankların KOB-ları maliyyələşdirmə imkanlarını genişləndirmək niyyətindədir”, - deyə o bildirib.
U.Abılqaziyev qeyd edib ki, məhdudlaşdırıcı amillərdən biri valyuta riskidir və korporasiya bu məsələni Valyuta Mübadiləsi Fondu (TCX) ilə tərəfdaşlıq çərçivəsində həll etməyi planlaşdırır.
“TCX Azərbaycana investisiya yatırmaq üçün yerli valyuta cəlb edə biləcəyimiz unikal platformalardan biridir. Azərbaycan Sahibkarlığın İnkişafı Fondunun dəstəyi manatla resurslara çıxışı təmin etməyə imkan verəcək. Bu vəsaitlər daha sonra yerli banklar vasitəsilə kiçik və orta biznesin maliyyələşdirilməsi üçün ölkə iqtisadiyyatına yönəldiləcək. Vəsaitlərin istifadəsinə ciddi nəzarət olunacaq. İslam maliyyələşməsinin xüsusiyyəti ondan ibarətdir ki, biz hər bir əməliyyatı görürük. Vəsaitlərin hansı layihə üçün istifadə olunduğunu bilməliyik - istər tekstil sənayesi, istər kənd təsərrüfatı, istər istehsal, istərsə də bərpa olunan enerji sahəsi olsun”, - deyə U.Abılqaziyev bildirib.
ICD-nin Orta Dəhliz boyunca layihələrdə mümkün iştirakı barədə danışan U.Abılqaziyev vurğulayıb ki, korporasiya layihə və infrastruktur maliyyələşdirilməsi alətlərinə malikdir və nəqliyyat marşrutlarının səmərəliliyinin artırılması imkanlarını öyrənir.
O, Azərbaycanın Şərqlə Qərb, Şimalla Cənub arasında yerləşməsi sayəsində beynəlxalq ticarətdə mühüm rol oynadığını qeyd edib.
“Ölkə öz coğrafi mövqeyindən səmərəli istifadə edir və ticarət axınlarının, malların və kapitalın hərəkətinin inkişafına töhfə verir. Müasir geosiyasi çağırışlar şəraitində ticarət marşrutlarının şaxələndirilməsi və alternativ nəqliyyat istiqamətlərinin mövcudluğu xüsusi əhəmiyyət kəsb edir. ICD nəqliyyat dəhlizlərinin inkişafında iştirak edən SOCAR, telekommunikasiya və infrastruktur müəssisələri də daxil olmaqla, Azərbaycanın iri şirkətləri ilə tərəfdaşlığın inkişafında maraqlıdır”, - deyə o əlavə edib.
Zəngəzur dəhlizi ilə bağlı layihələrin mümkün maliyyələşdirilməsinə dair suala cavabında U.Abılqaziyev bildirib ki, Azərbaycanın bütün əsas nəqliyyat layihələri Orta Dəhlizin daha geniş infrastruktur ekosisteminin bir hissəsidir.
“Azərbaycanın milli strategiyasının tərkib hissəsi olan istənilən əsas dəhliz daha geniş infrastruktur ekosisteminin elementinə çevrilir. Onlar ICD və İslam İnkişaf Bankı Qrupunun digər strukturları tərəfindən dəstək alacaq”, - deyə U.Abılqaziyev yekunlaşdırıb.
