Bakıda layihələrin və maliyyələşdirmə sazişlərinin imzalanması mərasimi keçirilir (FOTO)

İqtisadiyyat Materials 19 İyun 2026 13:35 (UTC +04:00)
Bakıda layihələrin və maliyyələşdirmə sazişlərinin imzalanması mərasimi keçirilir (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində “Layihələrin və maliyyələşdirmə sazişlərinin imzalanması” mərasimi keçirilir.

Trend-in tədbirdə olan müxbirinin məlumatına görə, imzalanacaq sazişlər dayanıqlı inkişafın təşviqi, dayanıqlığın gücləndirilməsi və yeni imkanların yaradılmasına xidmət edir.

Mərasimdə bildirilib ki, sənədlərin imzalanması üzv ölkələr və beynəlxalq institutlar arasında əlifba sırası ilə həyata keçirilir. İlk olaraq İslam İnkişaf Bankı Qrupu (İİB) ilə Qambiya Respublikası arasında saziş imzalanıb. Sənəd maldarlıq sahəsində istehsalın və məhsuldarlığın artırılmasına yönəlmiş layihəni əhatə edir. Layihə 19 milyon ABŞ dolları həcmində İCF krediti, 15,5 milyon dollar həcmində İslam İnkişaf Bankının OCR satış krediti və 1,01 milyon dollar qrantla maliyyələşdirilir.

Daha sonra İİB ilə Fil Dişi Sahili arasında saziş imzalanıb. Saziş sözügedən ölkədə Dabou–San Pedro avtomobil yolunun yenidən qurulmasını və təkmilləşdirilməsini nəzərdə tutur. 58 kilometr uzunluğunda olan bu strateji nəqliyyat layihəsi İslam İnkişaf Bankının OCR kredit xətti çərçivəsində 218,7 milyon avro məbləğində maliyyələşdirilir.

Layihə iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyan dəhlizin yüksək ötürücülüklü ikizolaqlı avtomobil yoluna çevrilməsini hədəfləyir. Bunun nəticəsində hərəkət vaxtının azalacağı, nəqliyyat xərclərinin aşağı düşəcəyi və bölgənin iqtisadi əlaqələrinin güclənəcəyi gözlənilir.

Daha sonra Mavritaniyanın iqtisadiyyat və inkişaf naziri Abdessalam Ould Mohamed Saleh sənədlərin imzalanmasında iştirak edib.

İmzalanan saziş Mavritaniyada ucqar ərazilərdə həyata keçiriləcək kəndlərin elektrikləşdirilməsi layihəsini əhatə edir. Layihə İslam İnkişaf Bankının 25,35 milyon ABŞ dolları həcmində taksitli satış maliyyələşməsi və İCF çərçivəsində 23,39 milyon ABŞ dolları məbləğində maliyyə vəsaiti hesabına reallaşdırılır. Ümumi dəyəri 69,5 milyon ABŞ dolları olan proqram kənd və ucqar bölgələrdə enerji təminatının genişləndirilməsinə yönəlib.

Layihənin icrası nəticəsində uzaq icmalarda elektrik enerjisinə çıxışın əhəmiyyətli dərəcədə yaxşılaşacağı, enerji təminatında mühüm irəliləyiş əldə ediləcəyi bildirilir.

Tədbir çərçivəsində Somali üzrə 2026–2028-ci illəri əhatə edən Ölkə Əməkdaşlıq Çərçivəsinin (Country Engagement Framework) başlanmasına dair xatirə qeydi imzalanıb. Ümumi dəyəri 45 milyon ABŞ dolları olan sənəd ölkədə dayanıqlılığın gücləndirilməsi və iqtisadi transformasiyanın dəstəklənməsini nəzərdə tutur.

Çərçivə sənədi çətin həssas şəraitdə inteqrasiya olunmuş investisiyalar vasitəsilə davamlı infrastrukturun inkişafı, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və insan kapitalının artırılmasına yönəlib.

Bəhreyn Krallığının maliyyə işləri üzrə dövlət katibi Yusuph Abdulla Ali Humood iki sazişin imzalanmasında iştirak edib. Birinci saziş Salman Sənaye Şəhərinin genişləndirilməsi layihəsini əhatə edir.

Layihə İslam İnkişaf Bankının OCR taksitli satış maliyyələşməsi çərçivəsində həyata keçirilir və Bəhreynin sənaye sektorunun inkişaf strategiyasının, eləcə də “Vision 2030” proqramının əsas istiqamətlərindən biri kimi qiymətləndirilir. Layihə müasir, iqlimə davamlı infrastrukturun yaradılması və sənaye təyinatlı sahələrin genişləndirilməsini nəzərdə tutur.

Daha sonra Fələstin Dövlətinin maliyyə və planlaşdırma naziri Estefan Antoine Salameh səhnəyə dəvət olunaraq imzalanma prosesinə qoşulub.

Tədbir çərçivəsində Fələstinlə bağlı Günəş enerjisi sahəsində layihəni əhatə edən saziş imzalanıb. Layihə İslam İnkişaf Bankının ICF krediti hesabına 37 milyon ABŞ dolları məbləğində maliyyələşdirilir.

Sənəd çərçivəsində həyata keçiriləcək günəş elektrik stansiyası layihəsinin 20 meqavat gücündə enerji istehsalı nəzərdə tutulur. Bu investisiya ölkənin idxal olunan elektrik enerjisindən asılılığının azaldılmasına, enerji təhlükəsizliyinin gücləndirilməsinə və bərpaolunan enerji mənbələrinin genişləndirilməsinə xidmət edəcək.

Daha sonra İslam İnkişaf Bankı ilə İslam ölkələrindən olan podratçılar federasiyası — "Federation of Contractors from Islamic Countries" (FOCIC) arasında anlaşma memorandumu imzalanıb.

Bu məqsədlə FOCIC-in prezidenti mühəndis Zakaria Al-Abdulqader İslam İnkişaf Bankının əməliyyatlar üzrə vitse-prezidenti Rami Ahmad ilə birlikdə imzalanma mərasiminə qatılıb və rəsmi fotoçəkilişdə iştirak edib.

Qeyd olunub ki, strateji tərəfdaşlıq OİC ölkələrinin tikinti bazarlarında özəl sektorun iştirakının və rəqabət qabiliyyətinin gücləndirilməsinə xidmət edir. Sənəd çərçivəsində potensialın artırılması, bazar məlumatlarının mübadiləsi, maliyyələşməyə çıxış imkanlarının genişləndirilməsi və iri infrastruktur layihələrinin icrasına hazırlığın yaxşılaşdırılması nəzərdə tutulur.

Daha sonra donor ianəsi ilə bağlı saziş imzalanıb. Saziş Islamic Relief USA (IRUSA) tərəfindən İslam İnkişaf Bankının 3R Mexanizminə (Resilience, Recovery and Reconstruction Facility) dəstək məqsədi daşıyır. Bu töhfə münaqişə, təbii fəlakət və digər böhranlardan zərər çəkmiş həssas vəziyyətdə olan üzv ölkələr üçün nəzərdə tutulan hədəfli qrant maliyyələşməsini təmin edən platformanın gücləndirilməsinə yönəlib.

Növbəti saziş isə İslam İnkişaf Bankı ilə Islamic Relief USA (IRUSA) arasında Sudan üzrə əməkdaşlığa aiddir. Sənəd çərçivəsində Sudanda münaqişədən zərər çəkmiş əhali üçün səhiyyə, su təchizatı, sanitariya və gigiyena (WASH), eləcə də sığınacaq təminatı sahələrində inteqrasiya olunmuş təcili yardım tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Daha sonra İslam İnkişaf Bankı ilə "International Organization for Migration" (IOM) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sənədin imzalanması üçün IOM Baş Qərargahının rəhbəri Mohammed Abdiker dəvət olunub. Memorandum miqrasiya və məcburi köç kontekstində humanitar cavab tədbirlərinin uzunmüddətli inkişaf yanaşmaları ilə birləşdirilməsini nəzərdə tutur. Bu əməkdaşlıq xüsusilə həssas və böhran vəziyyətində olan icmalarda dəstəyin gücləndirilməsinə yönəlib.

Daha sonra İslam İnkişaf Bankı ilə "Islamic Organization for Food Security" (IOFS) arasında da anlaşma memorandumu imzalanıb. Sənəd çərçivəsində tərəflər üzv ölkələrdə ərzaq təhlükəsizliyi sistemlərinin gücləndirilməsi və dayanıqlı kənd təsərrüfatı inkişafının təşviqi sahəsində əməkdaşlığı genişləndirməyi hədəfləyir.

Mərasim çərçivəsində, həmçinin İslam İnkişaf Bankı ilə Belçikanın inkişaf agentliyi "Enabel" arasında anlaşma memorandumları imzalanıb.

Sənədin imzalanması üçün "Enabel"in baş direktoru Cean Van Vetter İslam İnkişaf Bankının əməliyyatlar üzrə vitse-prezidenti Rami Ahmad ilə birlikdə mərasimə qatılıb.

Çərçivə sazişi üzv ölkələrdə dayanıqlı inkişaf layihələrinin daha sürətli və genişmiqyaslı şəkildə həyata keçirilməsini hədəfləyir. Sənəd Avropadakı tərəfdaşlarla birgə maliyyələşdirmə, səlahiyyətli icra mexanizmləri və institusional təcrübənin birləşdirilməsi yolu ilə inkişaf təşəbbüslərinin səmərəliliyinin artırılmasını nəzərdə tutur.

“Layihələrin və maliyyələşdirmə sazişlərinin imzalanması” mərasiminin İslam İnkişaf Bankına aid hissəsi başa çatıb. Növbəti mərhələdə ilk olaraq İslam İnvestisiya və İxrac Kreditlərinin Sığortalanması Korporasiyasının (ICIEC) sənədlərinin imzalanması təşkil edilib.

Bu məqsədlə İslam İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (ICIEC) baş direktoru, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) baş direktorunun səlahiyyətlərini icra edən Xalid Xalafalla səhnəyə dəvət olunub. O, ICIEC adından növbəti sazişlərin imzalanmasında iştirak edib.

Bu mərhələdə ilk olaraq İslam İnvestisiya və İxrac Kreditlərinin Sığortalanması Korporasiyası (ICIEC) tərəfindən dəstəklənən növbəti layihə təqdim olunub. Layihə Uqandanın Lira şəhərində həyata keçirilən 65 milyon ABŞ dolları dəyərində irimiqyaslı tikinti layihəsini əhatə edir. ICIEC layihənin icrası üçün 65 milyon ABŞ dolları məbləğində sığorta təminatı təqdim edir.

Bildirilib ki, layihə Misirin EPC podratçısı SAMCO tərəfindən həyata keçirilir. Mərasimdə layihə ilə bağlı sənədlərin imzalanması üçün Ibrahim Mabrouk səhnəyə dəvət olunub.

Qeyd edilib ki, bu təşəbbüs İƏT məkanında investisiya axınlarının genişlənməsinə töhfə verir, eyni zamanda podratçı şirkətlərə sərhədlərarası layihələri daha yüksək etimad və daha aşağı risklə həyata keçirmək imkanı yaradır.

Növbəti saziş İslam İnvestisiya və İxrac Kreditlərinin Sığortalanması Korporasiyası (ICIEC) ilə "Elsewedy Electric UAE" arasında imzalanıb.

Tərəflər arasında bağlanan 25 milyon ABŞ dolları dəyərində təkrarsığorta sazişi Səudiyyə Ərəbistanında əsas elektrik yarımstansiyasının və ona bağlı paylayıcı şəbəkələrin tikintisini dəstəkləyir.

Qeyd olunub ki, layihə ölkənin elektrik enerjisi infrastrukturunun gücləndirilməsinə, enerji təchizatının etibarlılığının artırılmasına və enerji şəbəkəsinin inkişafına töhfə verəcək.

Növbəti saziş İslam İnvestisiya və İxrac Kreditlərinin Sığortalanması Korporasiyası (ICIEC) ilə "Arab Trade Financing Program" (ATFP) arasında imzalanıb.

Bildirilib ki, ICIEC ATFP ilə əsas sığorta polisi üzrə saziş bağlayıb.

Dəyəri 50 milyon ABŞ dolları olan saziş üzv ölkələr arasında ticarət maliyyələşdirilməsi axınlarının genişləndirilməsinə xidmət edir. Tərəfdaşlığın eyni zamanda sərhədlərarası ticarət əməliyyatları üçün likvidlik imkanlarını artıracağı və biznes subyektlərinin maliyyə resurslarına çıxışını asanlaşdıracağı qeyd olunub.

Xəbər yenilənəcək

Məqalədə:

Xəbər lenti

Xəbər lenti