Azərbaycanda xam neft hasilatının həcmi açıqlanıb

Energetika Materials 20 İyun 2026 12:46 (UTC +04:00)
Azərbaycanda xam neft hasilatının həcmi açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında Azərbaycanda 11,061 milyon ton xam neft (qaz kondensatı daxil olmaqla) hasil olunub.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 377,6 min ton və ya 3,3 faiz azdır.

Hesabat dövründə xam neft hasilatının ümumi həcmindən 11,033 milyon tonu əmtəəlik xam neftin payına düşüb ki, bu da əvvəlki ilin eyni dövründəki göstərici ilə müqayisədə 378,3 min ton və ya 3,3% azdır.

Ümumilikdə, bu ilin yanvar-may aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 16,7 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,4 faiz azalıb.

Bununla yanaşı, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin ilk 5 ayında Azərbaycan 10-dan çox ölkəyə 5,121 milyard ABŞ dolları dəyərində 8,829 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Ötən ilin eyni dövrü ilə müqayisədə sözügedən məhsulların ixracının dəyəri 521,3 milyon ABŞ dolları və ya 9,2%, həcmi isə 1,535 milyon ton və ya 14,8% azalıb.

Hasilat və ixrac göstəricilərində azalma fonunda Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi siyasətini davam etdirir. Son illərdə qeyri-neft sektorunun inkişafı dövlət iqtisadi siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır. Bu çərçivədə sənaye, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, nəqliyyat-logistika, turizm və bərpa olunan enerji sahələrinə investisiyalar artırılır, ixracın şaxələndirilməsi və qeyri-neft məhsullarının xarici bazarlara çıxışının genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Məqsəd iqtisadiyyatın neft gəlirlərindən asılılığını tədricən azaltmaq və dayanıqlı iqtisadi artımı təmin etməkdir. Bu kontekstdə ölkə rəhbərliyi qeyri-neft sahələrinin investisiya baxımından əsas inkişaf istiqaməti olduğunu vurğulayır.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il İllik Toplantılarının yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib: "Azərbaycanın əsas diqqəti qeyri-neft və qaz iqtisadiyyatının inkişafına yönəlib və bu sektor son 5–6 ildə ölkədə iqtisadi artımın əsas drayverinə çevrilib. İnvestisiya imkanları əsasən qeyri-neft sənayesi istehsalı, mədənçilik və kritik minerallar, kənd təsərrüfatı və aqroemal, eləcə də nəqliyyat və logistika sahələrini əhatə edir”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti