Bakı. Trend:
Yaxın saatlarda İranın müzakirə heyəti ABŞ tərəfi ilə müzakirə aparmaq üçün İsveçrəyə səfər edəcək.
Bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai yerli mediaya açıqlamasında deyib.
“İranın müzakirə heyəti ABŞ tərəfi ilə danışıqlar aparmaq məqsədilə İsveçrəyə yollanacaq. Səfərdə məqsəd qarşı tərəfin öhdəliklərini yerinə yetirməsinin istənilməsidir”, - deyə o bildirib.
Onun sözlərinə görə, yekun razılaşmanın əldə olunması üçün isə müzakirələr anlaşma memorandumunun 1, 4, 5, 10 və 11-ci müddəalarında nəzərdə tutulan öhdəliklər yerinə yetirildiyi və davam etdirildiyi halda başlanacaq.
Bəqai bildirib ki, hazırkı durumda isə həmin vəziyyət müşahidə olunmur. İran heyəti səfər çərçivəsində qarşı tərəfin öz öhdəliklərini hansı şəkildə yerinə yetirəcəyini müəyyənləşdirmək niyyətindədir.
“Anlaşma memorandumunun kiçik bir hissəsi icra olunmazsa, bütün anlaşma naməlum vəziyyətlə üzləşir. İran tərəfi öz öhdəliklərini yerinə yetirib və qarşı tərəfin də öz öhdəliklərini yerinə yetirməsini gözləyir. İsrailin Livanda atəşkəsi yerinə yetirməməsi anlaşma memorandumumun açıq-aşkar şəkildə pozulmasıdır”, -deyə o qeyd edib.
XİN rəsmisi əlavə edib ki, İran tərəfi icra olunmayacaq öhdəlikləri imzalamayıb. Bu öhdəliklər bir neçə həftə sıx müzakirələr və vasitəçilərin səyi ilə imzalanıb. Təbii ki, onun icrası üçün İran tərəfin bütün səylərini göstərəcək.
ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə atəşkəs razılaşması əldə olunub.
18 iyunda İran və ABŞ arasında sülh memorandumu imzalanıb. Memorandumu İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti Donald Tramp imzalayıblar. 19 iyundan sözügedən memorandum qüvvəyə minib.
