Azərbaycan ilə BVF arasında dövlət müəssisələrinin monitorinqi sahəsində əməkdaşlıq genişlənir

İqtisadiyyat Materials 4 May 2026 12:31 (UTC +04:00)
Azərbaycan ilə BVF arasında dövlət müəssisələrinin monitorinqi sahəsində əməkdaşlıq genişlənir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu (BVF) arasında dövlət müəssisələrinin monitorinqi sahəsində əməkdaşlıq genişlənir.

Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, mayın 4-də Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini Anar Kərimov ölkədə səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) Fiskal Məsələlər Departamentinin baş iqtisadçısı Nino Çelişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə dövlət müəssisələrinin monitorinqi və hesabatlılığı üzrə mövcud çərçivələr, bu sahədə həyata keçirilən islahatlar, eləcə də institusional mexanizmlərin təkmilləşdirilməsi və fiskal risklərin idarə olunması məsələləri müzakirə edilib. O cümlədən, Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin institusional fəaliyyəti, dövlət müəssisələrinin monitorinqi və fiskal təsirlərin qiymətləndirilməsi üzrə görülmüş işlər və monitorinq prosesində qabaqcıl beynəlxalq təcrübələrin tətbiqi istiqamətində fikir mübadiləsi aparılıb.

A.Kərimov bildirib ki, dövlət müəssisələrinin monitorinqi sahəsində son illərdə həyata keçirilən islahatlar şəffaflıq və hesabatlılıq səviyyəsinin güclənməsinə mühüm töhfə verir. Qeyd edilib ki, bu istiqamətdə institusional çərçivənin daha da təkmilləşdirilməsi və fiskal risklərin səmərəli idarə olunması prioritet olaraq qalır.

Öz növbəsində, N.Çelişvili dövlət müəssisələrinin sağlamlığının yoxlanılması və stress-test alətlərinin tətbiqi, eləcə də bu sahədə institusional potensialın gücləndirilməsi üçün texniki əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, missiya çərçivəsində gözləntilər və gələcək əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüb.

4–15 may tarixlərini əhatə edən səfər çərçivəsində nümayəndə heyətinin Maliyyə Nazirliyi ilə yanaşı, digər dövlət qurumlarında da görüşlər keçirməsi, dövlət müəssisələrinin fəaliyyəti, idarəetmə təcrübələri və həyata keçirilən islahatlara dair müzakirələr aparması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti