Bakı. Trend:
Kanada Ermənistan və Azərbaycan arasında sülh prosesində əldə olunmuş irəliləyişi alqışlayır.
Trend xəbər verir ki, bunu Kanadanın Baş naziri Mark Karni Avropa Siyasi Birliyinin İrəvanda keçirilən 8-ci sammitində çıxışı zamanı bildirib.
“Mən Ermənistan və Azərbaycan arasında sülh prosesində əldə olunan irəliləyişi qeyd edənlərə qoşuluram və Prezident İlham Əliyevin iştirakını alqışlayıram”,- deyə o bildirib.
Karni daha sonra Kanadanın bu tədbirdə iştirakının əhəmiyyətindən danışıb.
“Hesab edirəm ki, Kanadanın bu foruma qoşulan ilk qeyri-Avropa ölkəsi olması elə məqsədəuyğundur, çünki biz qeyri-Avropa ölkələri arasında ən çox "avropalı"olan ölkəyik. Bizi üçtərəfli bağ birləşdirir: tarix, dəyərlər və etimad. Ortaq dəyərlərimiz bu ümumi tarixdən qaynaqlanır - azadlıq, qanunun aliliyi, demokratiya və plüralizm. Bu dəyərlər münasibətlərimizi formalaşdırır, prioritetlərimizi müəyyən edir və ümumi gələcəyimizi göstərir. Biz yalnız qaydalara əsaslanan beynəlxalq nizamın müdafiəsində dəyərlərimizin gücünü deyil, həm də gücümüzün dəyərini nümayiş etdiririk. Bu isə zəruridir, çünki dünya eyni anda bir neçə istiqamətdə- texnologiya, enerji, ticarət və geosiyasət sahələrində parçalanma dövrünü yaşayır. İnteqrasiya bəzi tərəflər tərəfindən təzyiq aləti kimi istifadə olunur və mövcud qaydalar hegemonların qarşısını almır”,- deyə o bildirib.
