Bakı. Trend:
İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) Hörmüz boğazına ciddi dəniz nəzarəti üzrə yeni zonanı elan edib.
Trend xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) məlumat yayıb.
Məlumata görə, cənub istiqamətində İranda Kuh-Mobarək ərazisi ilə Birləşmiş Ərəb Əmirliklərində Focəyrənin cənubundan, qərb istiqamətində isə İranda Qeşm adasının sonlarından BƏƏ-də Umm əl-Quvainə (Umm Al Quwain) qədər ciddi dəniz nəzarəti edilən zona hesab olunur.
SEPAH bildirir ki, Hörmüz boğazının təhlükəsizliyi İranın nəzarətindədir və istənilən keçid İran Silahlı Qüvvələri ilə koordinasiya ilə həyata keçirilməlidir.
“Xəbərdarlıq edilir ki, hər hansı əcnəbi silahlı qüvvə, xüsusilə ABŞ Hörmüz boğazına yaxınlaşmaq və yaxud daxil olmaq istəyərsə, İran tərəfindən atəşə tutulacaq”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.
Əlavə edək ki, 21 apreldə ABŞ prezidenti Donald Tramp İran təklifini təqdim edənə və danışıqlar bu və ya digər şəkildə başa çatana qədər atəşkəsi uzatdığını bildirib.
