Bakı. Trend:
bp şirkəti Azərbaycanda “Qarabağ” yatağının işlənməsi çərçivəsində Bəndovan ərazisində boru dəstlərinin istehsalı obyekti üzrə Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ESIA - ƏMSSTQ) üzrə hesabatın layihə variantını hazırlayıb.
Trend bu barədə şirkətə istinadən məlumat verir.
Sənəddə təklif edilən tikinti fəaliyyətlərinin xülasəsi verilir, bu fəaliyyətlərin ətraf mühitə və sosial iqtisadi sahəyə potensial təsirləri araşdırılır və tövsiyə edilən təsirazaltma və monitorinq tədbirləri təsvir edilir. ƏMSSTQ prosesi təklif edilən işlərin nəticəsində yarana biləcək hər hansı mənfi ekoloji və sosial-iqtisadi təsirlərin müəyyənləşdirilməsini, minimuma endirilməsini və mümkün olan hallarda, aradan qaldırılmasını təmin etmək məqsədi daşıyır.
Layihənin Azərbaycanın cənubunda, Salyan və Qaradağ rayonlarının əhatəsində yerləşən Bəndovan ərazisində həyata keçirilməsi planlaşdırılır.
Layihənin icrası aşağıdakı infrastruktur obyektlərinin tikintisini nəzərdə tutur:
- istehsal sexi (emalatxanalar və anbarlarla birlikdə)
- boruların qəbulu və saxlanması sahəsi
- boru dəstəsi üçün hərəkət zolağı sistemi (hər biri 7 km uzunluğunda olan üç paralel zolaqdan ibarətdir)
- boru dəstəsini dənizə buraxma yolu
- çınqıl örtüklü giriş yolu.
Layihənin icrasından əvvəl ilkin işlər planı həyata keçiriləcək. Bu ilkin işlərə Baş Şirvan Kollektoru üzərində yeni körpünün inşası və kollektorla paralel uzanan və M3 / E119 avtomobil şosesi ilə birləşən mövcud yolun təmiri daxil olacaqdır (bax: Şəkil N.3). Bu ilkin iş komponentlərinin tikintisi hazırkı ƏMSSTQ-nin əhatə dairəsinə daxil deyil. Layihənin təxmini tikinti qrafiki aşağıdakı cədvəldə təqdim edilib.
| Mərhələ | Görülən işlərin növü | Müddətlər |
|---|---|---|
| Layihələndirmə | Müfəssəl dizayn-layihələndirmə | 2025 – 2026 I rüb |
| Layihələndirmə | Yekun layihə, ekspertiza, icazələr | 2026 III rüb |
| Tikinti | Tikinti-montaj işləri | 2026 III rüb – 2028 I rüb |
| İstismara vermə | İstismara vermə və yekun qəbul | 2028 I rübün sonu |
Qeyd edək ki, “Qarabağ” kontrakt sahəsi Bakıdan 120 km şərqdə, dənizin 150–200 metr dərinliyində, “Azəri-Çıraq-Günəşli” və “Əşrəfi-Dan Ulduzu-Aypara” kontrakt sahələrinin yaxınlığında yerləşir.
Azərbaycanın Energetika Nazirliyinin məlumatına görə, yatağın ilkin qiymətləndirilmiş geoloji ehtiyatları 60 milyon tondan artıq neft təşkil edir.
