Bakı. Trend:
Bakıda tam marafonun keçirilməsi bu tədbiri yeni səviyyəyə çıxarır.
Bunu bazar günü Trend-ə Olimpiya çempionu, dəfələrlə dünya və Avropa çempionu, “İdman Veteranları” İctimai Birliyinin prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftahəddinova "Bakı Marafonu 2026" çərçivəsində deyib.
“Mənim üçün marafonda iştirak, ilk növbədə, idmanın və birliyin böyük bayramıdır. Xüsusilə vacibdir ki, bu il ilk dəfə tam marafon keçirilir – bu, tədbiri tamamilə yeni səviyyəyə çıxarır.
Burada inanılmaz bir atmosfer hiss olunur: startda və marşrut boyunca həm peşəkar idmançılar, həm həvəskarlar, hətta olimpiya çempionları bir aradadır. Bu, hazırlıq səviyyəsindən asılı olmayaraq irəli getməyə motivasiya verir və ilhamlandırır”, – deyə o bildirib.
Meftahəddinovanın sözlərinə görə, marafonun insanları – idmanı sevənləri, onu dəstəkləyənləri və sadəcə bu böyük hərəkata qoşulmaq istəyənləri birləşdirməsi çox sevindiricidir.
“Hər bir iştirakçıya uğurlar, güc və əlbəttə ki, məsafədə parlaq emosiyalar arzulayıram!”, – deyə o əlavə edib.
