Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Kubaya qarşı, o cümlədən potensial olaraq üçüncü ölkələrə də təsir göstərə biləcək yeni sanksiyaların tətbiqi barədə fərman imzalayıb.
Trend xəbər verir ki, Ağ Evin mətbuat xidməti sənədin mətnini yayımlayıb.
Fərmanda qeyd olunur ki, bu addım “Kubadakı repressiyalara görə məsul olan şəxslərə” və “ABŞ-nin milli təhlükəsizliyi və xarici siyasəti üçün təhdid yaradan fəaliyyətlərə” qarşı yönəlib.
Ağ Evin memorandumunda bildirilir ki, fərman kifayət qədər geniş xarakter daşıyır və yalnız Kubanı deyil, həmçinin Vaşinqtonun digər ölkələrdə Kuba rejiminə dəstək verdiyini düşündüyü şəxsləri də əhatə edə bilər.
ABŞ administrasiyası vurğulayır ki, sənəd “Kuba rejiminə qarşı yeni sanksiyalar” tətbiq edir. Sənədə əsasən, fərman Kubaya qarşı mövcud sanksiyaları genişləndirir və Beynəlxalq Fövqəladə Hallar üzrə İqtisadi Səlahiyyətlər Qanunu çərçivəsində yeni məhdudiyyətləri nəzərdə tutur.