Bakı. Trend:
Xəbərlərdə cinsiyyət və şəxsi məlumatların reklam kimi tirajlanması düzgün deyil.
Trend xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Analitik təhlil və informasiya teminatı şöbəsinin müdiri Elgün Səfərov “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən III Forum çərçivəsində "Rəqəmsal mühitdə gözlənilməz risklər: zərərli informasiyaya qarşı birgə mübarizə" mövzusunda panel sessiyasında çıxışında bildirib.
Onun sözlərinə görə, uşaq hüquqlarının müdafiəsi ilə bağlı ölkədə ümumilikdə 11 dövlət qurumu işləyir:
"Mövcud risklərin qarşısını tək bir qurumun alması mümkün deyil, bu sahədə kompleks və əlaqələndirilmiş mübarizə aparılmalıdır. Ölkədə yetkinlik yaşına çatmamış şəxslərin elektron xidmətlərdən istifadəyə çıxışı və bu mühitdə təhlükəsizliyi hələ tam təmin olunmayıb. Media nümayəndələri uşaqların zərərli kontentdən qorunmasına mühüm töhfə verməlidirlər. Xəbər başlıqlarında və cinayət faktlarının təqdimatında cinsiyyət amilinin vurğulanması məqsədəuyğun deyil. Təəssüf ki, bəzi media qurumları yetkinlik yaşına çatmayan şəxslərin ad, soyad və digər şəxsi məlumatlarını açıqlayırlar, reklam kimi təqdim edirlər.
Xüsusilə qohum nikahları, erkən nikah və intihar halları ilə bağlı məlumatların sensasiya və ya reklam xarakterli təqdimatı yolverilməzdir. Bu gün ailənin, qadının və uşağın hüquqlarının qorunması strateji əhəmiyyət daşıyır. Təəssüf ki, Azərbaycan dilində uşaqların istifadəsi üçün onlayn resurslar yoxdur".
