Avropa Parlamenti yanaşmasında daha obyektiv olmalıdır

Siyasət Materials 1 May 2026 12:37 (UTC +04:00)
Avropa Parlamenti yanaşmasında daha obyektiv olmalıdır

Bakı. Trend:

Son günlərdə Avropa Parlamenti tərəfindən qəbul edilmiş “Ermənistanda demokratik dayanıqlığın dəstəklənməsi” adlı qətnamə regionumuzda diqqətlə izlənilən və ciddi müzakirələr doğuran sənədlərdən biridir. İlk baxışda bu qətnamə demokratiyanın təşviqi, institusional sabitliyin gücləndirilməsi kimi müsbət niyyətlərə əsaslanır. Lakin onun məzmununa və qəbul edildiyi siyasi kontekstə diqqətlə yanaşdıqda, bu sənədin regionda yeni formalaşmaqda olan sülh və etimad mühitinə müəyyən mənfi təsirlər göstərə biləcəyi qənaətinə gəlmək mümkündür.

Cənubi Qafqaz regionu uzun illər davam edən münaqişələrdən sonra nəhayət ki, yeni bir mərhələyə qədəm qoymuşdur. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqlar, sərhədlərin delimitasiya və demarkasiya prosesi, nəqliyyat-kommunikasiya xətlərinin açılması kimi mühüm addımlar regionda davamlı sülhün bərqərar olması üçün real zəmin yaratmaqdadır. Bu həssas mərhələdə tərəflər arasında qarşılıqlı etimadın gücləndirilməsi, balanslı və obyektiv yanaşmaların nümayiş etdirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Təəssüf ki, qeyd olunan qətnamədə birtərəfli yanaşmanın elementləri açıq şəkildə hiss olunur. Ermənistanın daxili siyasi proseslərinə və demokratik inkişafına dəstək adı altında qəbul edilən bu sənəd, dolayısı ilə regiondakı digər tərəfin – Azərbaycanın maraqlarını və legitim mövqeyini yetərincə nəzərə almır. Bu isə istər-istəməz balansın pozulmasına və tərəflər arasında etimadın zəifləməsinə səbəb ola bilər.

Diqqət yetirməli olduğumuz digər mühüm məqam ondan ibarətdir ki, beynəlxalq qurumların qəbul etdiyi sənədlər yalnız hüquqi və ya siyasi bəyanat xarakteri daşımır, eyni zamanda psixoloji və siyasi mesaj rolunu oynayır. Belə qətnamələr region ölkələrində ictimai rəyə təsir göstərir, siyasi dairələrdə müəyyən gözləntilər formalaşdırır. Əgər bu mesajlar balanslı və obyektiv olmazsa, bu, danışıqlar prosesinə mənfi təsir göstərərək tərəflərdən birində əsassız üstünlük hissi yarada bilər.

Sülh prosesi son dərəcə incə və mürəkkəb bir mexanizmdir. Bu proses yalnız siyasi sənədlərlə deyil, qarşılıqlı etimad, konstruktiv dialoq və real addımlarla möhkəmləndirilir. Xarici aktorların bu prosesə müdaxiləsi isə yalnız o halda müsbət nəticə verə bilər ki, onlar tam neytral və ədalətli mövqe nümayiş etdirsinlər. Əks halda, belə müdaxilələr tərəflər arasında balansı pozaraq, mövcud gərginliyi daha da artıra bilər.

Avropa Parlamenti regionda davamlı sülhün və sabitliyin təmin olunmasına töhfə vermək istəyirsə, yanaşmasında daha həssas, inklüziv və obyektiv olmalıdır. Qəbul edilən sənədlər tərəflərdən birini təşviq edən deyil, hər iki tərəfi sülhə, əməkdaşlığa və qarşılıqlı anlayışa çağıran mahiyyət daşımalıdır.

Eyni zamanda qeyd etmək istərdim ki, regionda sülhün təmin olunması ilk növbədə məhz region ölkələrinin öz iradəsinə və məsuliyyətinə əsaslanmalıdır. Xarici aktorların rolu isə bu prosesi dəstəkləməkdən ibarət olmalı, onu istiqamətləndirmək və ya birtərəfli təsir altına almaqdan yayındırmalıdır.

Bizim əsas məqsədimiz regionda davamlı sülhün təmin olunması, sabitliyin möhkəmləndirilməsi və gələcək nəsillər üçün təhlükəsiz mühitin yaradılmasıdır. Bu məqsədə çatmaq üçün isə beynəlxalq münasibətlərdə ədalət, balans və qarşılıqlı hörmət prinsipləri əsas götürülməlidir.

Əminə Ağazadə,
Milli Məclisin deputatı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti