Bakı.Trend:
bp şirkəti Qarabağ yatağında yataq haqqında bilgiləri artırmaq, quyuların planlaşdırılması işlərinə və yatağın işlənmə strategiyalarının optimallaşdırmasına kömək məqsədilə dənizdibi sensor qovşaqlarla (Ocean Bottom Node - OBN) seysmik tədqiqat həyata keçirib.
Trend bu haqda şirkətə istinadən xəbər verir.
Tədqiqat 2025-ci ilin dekabrında başlayıb və qrafiki qabaqlayaraq martın ortalarında başa çatıb. Tədqiqat nəticəsində əldə olunmuş məlumatların emalı hazırda davam edir.
Bunun ardınca mart ayının ortalarında yüksək dəqiqlikli (HR)/ultra yüksək dəqiqlikli (UHR) seysmik tədqiqat proqramına başlanıb. Bu tədqiqatda əsas məqsəd quyu bütövlüyünə təsir göstərə biləcək geoloji riskləri, eləcə də platformanın və digər infrastrukturun təhlükəsiz şəkildə quraşdırılmasına maneə yarada biləcək yeraltı təhlükələri müəyyənləşdirməkdir. HR/UHR seysmik tədqiqatın 45 günədək davam edəcəyi planlaşdırılır.
ADUA layihəsi üzrə ilk addım olaraq suyun 20-40 metr dərinliyində 2-ölçülü yüksək dəqiqlikli (HR) seysmik tədqiqat aparılıb. Aprelin ortalarında başlanmış və ADUA sahəsinin şimal-qərb hissəsində kiçik bir ərazini əhatə edən bu tədqiqat 20 gün davam edib. Tədqiqatda əsas məqsəd yerin təxminən 1500 metr dərinliyinədək qatları haqqında ətraflı məlumatlar əldə etməklə gələcək kəşfiyyat quyularının planlaşdırılmasına dəstək verməkdir. Tədqiqat yeraltı qırılmalar, dayaz qatlara yığılmış qazlar və digər geoloji xüsusiyyətlər də daxil olmaqla, qazma əməliyyatları və quyu bütövlüyünə təsir göstərə biləcək yeraltı geoloji risklərin müəyyənləşdirilməsinə kömək edəcək.
ADUA blokunda seysmik tədqiqata aid Ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin layihə variantı 2025-ci ilin dekabr ayında ictimaiyyətə açıqlanmış və sənədin yekun variantı bu ilin mart ayında dövlət tərəfindən təsdiqlənib.
