Bakı. Trend:
Profisitli cari əməliyyat balansı və dedollarizasiya
meyillərinin davam etdiyi şəraitdə cari ilin ötən aylarında valyuta
bazarında təklif tələbi üstələyib, ölkənin valyuta ehtiyatlarında
artım davam edib. Valyuta bazarında təklifin tələbi üstələməsi həm
nağd, həm də qeyri-nağd seqmentlərdə müşahidə olunub.
Trend xəbər verir
ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında
bildirilib.
Qeyd edilib ki, son dövrlər valyuta hərraclarında tələbin aşağı olması nəticəsində valyuta bazarında təklif artıqlığı formalaşıb və bu şəraitdə Mərkəzi Bank tərəfindən aprel ayı ərzində 1 milyard ABŞ dolları məbləğində alışyönlü müdaxilə həyata keçirilib:
"Nəticədə, valyuta ehtiyatlarının idarə edilməsindən əldə olunan gəlirlər də nəzərə alınmaqla, aprel ayında Mərkəzi Bankın valyuta ehtiyatları 1 029,7 milyon ABŞ dolları artıb. Aprel ayında alınmış 1 milyard ABŞ dollarının tam və ya bir hissəsi il ərzində bazarda formalaşacaq tələbdən asılı olaraq tarazlığın təmin edilməsi məqsədilə yenidən valyuta bazarına yönəldilə bilər. Makroiqtisadi sabitliyin qorunması məqsədilə Mərkəzi Bank valyuta bazarında alış və ya satışyönlü əməliyyatlarla iştirakını davam etdirdiyi təqdirdə bu barədə məlumat açıqlanacaqdır".
