Bakı. Trend:
Aprelin 30-da Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev ölkəmizdə səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Türkiyə və Qafqaz üzrə İcraçı direktoru xanım Elizabetta Falçettinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Trend-ə Maliyyə Nazirliyindən məlumat verilib.
Görüşdə Azərbaycan ilə AYİB arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri, mövcud layihələrin icra vəziyyəti və gələcək təşəbbüslər müzakirə olunub.
Nazir Sahil Babayev bildirib ki, AYİB ilə əməkdaşlıq ölkəmizin dayanıqlı sosial-iqtisadi inkişafında mühüm rol oynayır və bankın 2025–2030-cu illəri əhatə edən Ölkə Strategiyası çərçivəsində iqtisadi şaxələndirmə, özəl sektorun inkişafı, yaşıl keçid və regional əlaqəliliyin gücləndirilməsi istiqamətlərində davam etdirilir.
Qeyd olunub ki, indiyədək AYİB tərəfindən Azərbaycanda 202 layihə üzrə 3,712 milyard avro investisiya yatırılıb. Hazırda bankın ölkəmiz üzrə portfeli 898 milyon avro təşkil edir və bunun əhəmiyyətli hissəsi özəl sektorun payına düşür.
AYİB-nin dəstəyi ilə Gəncə şəhərində icra olunan infrastruktur
layihələrinin icra vəziyyətinə toxunan nazir, xüsusilə su təchizatı
və kanalizasiya layihəsinin strateji əhəmiyyətini qeyd edib,
layihələrin mərhələli icrasının və maliyyələşmənin icra qrafikinə
uyğun həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Eyni zamanda, Azərbaycanın AYİB ilə əməkdaşlıq çərçivəsində donor
tərəfdaş qismində bank tərəfindən idarə olunan müxtəlif fondlara
töhfələr verdiyi qeyd edilib.
Öz növbəsində, xanım E.Falcetti Azərbaycan ilə əməkdaşlığın
inkişafından məmnunluğunu ifadə edərək, AYİB-nin ölkəmizdə özəl
sektorun dəstəklənməsi, yaşıl maliyyə alətlərinin genişləndirilməsi
və dayanıqlı infrastrukturun inkişafı istiqamətlərində birgə
təşəbbüslərin davam etdirilməsinə hazır olduğunu bildirib.
Görüş zamanı, həmçinin Şəki şəhəri üzrə su təchizatı və tullantı su
layihəsi, eləcə də Böyük Bakı–Abşeron
Su Proqramı çərçivəsində nəzərdə tutulan təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər yeni layihələrin qiymətləndirilməsi zamanı borc dayanıqlığı, icra potensialı və risklərin balanslı bölgüsünün əsas meyarlar kimi nəzərə alınmasının vacibliyini, eləcə də kredit, qrant və texniki yardım alətlərinin birgə tətbiqinin əhəmiyyətini vurğulayıblar.
