Bakı. Trend:
Media anlayışı yalnız xəbər istehsalı ilə məhdudlaşmır. Bu, eyni zamanda informasiyanın təhlükəsiz və etibarlı mühitdə ötürülməsini də əhatə edir.
Trend xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov bu gün Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumda çıxışı zamanı bildirib.
Saməddin Əsədov qeyd edib ki, rəqəmsal platformalarda baş verən proseslərin manipulyasiyalardan qorunması vacibdir.
"Eyni zamanda platformaların texnoloji suverenliyinin təmin olunması prioritet məsələdir. 2026–2028-ci illər üzrə fəaliyyət planı qəbul edilib. Bu planın icrası nəticəsində ölkədə rəqəmsal transformasiya vahid sistem şəklində qurulacaq.
Müasir çağırışlar yalnız texnoloji həllərlə məhdudlaşmır. Sağlam informasiya mühitinin formalaşdırılması üçün əməkdaşlıq və məsuliyyət əsas şərtlərdir. Bu prosesdə medianı əsas tərəfdaş kimi görürük", - deyə o vurğulayıb.
Nazir müavininin sözlərinə görə, müasir dövrdə informasiyanın toplanması və yayılması sürətlənib:
"Süni intellekt alətləri böyük həcmli məlumatların emalını asanlaşdırır, daha dəqiq analiz aparmağa imkan yaradır. Rəqəmsal mühit isə media ilə oxucu arasında mühüm körpü rolunu oynayır. Bu dəyişikliklər fonunda ölkədə rəqəmsal inkişaf yeni mərhələyə qədəm qoyub. Ayrı-ayrı layihələrdən vahid, proaktiv sistemə keçid başlayıb. Bu sahədə həyata keçirilən islahatlar faktiki olaraq ölkənin gələcəyinin təminatına xidmət edir. Rəqəmsal magistralın qurulması üçün üç əsas istiqamət xüsusi əhəmiyyət daşıyır:
İnfrastruktur – rəqəmsal medianın onurğa sütunu kimi;
Süni intellekt və data;
Kiberdavamlılıq və informasiya təhlükəsizliyi".
