Xankəndi. Trend:
Qarabağa və Şərqi Zəngəzura səfər məndə böyük təəssürat yaradıb.
Bunu Trend-ə BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi vəzifələrini müvəqqəti icra edən İqor Qarafuliç Şərqi Zəngəzur və Qarabağ səfəri çərçivəsində bildirib.
“Bu mənim ilk səfərimdir. Böyük təəssürat altındayam və dəvətə görə hökumətə səmimi təşəkkürümü bildirirəm. Mən burada diplomat həmkarlarımla birlikdəyəm və hesab edirəm ki, bu səfər sizin tarixinizi daha yaxşı öyrənmək, xalqınızın hansı çətinliklərdən keçdiyini anlamaq baxımından bizim hamımız üçün çox vacibdir. Bu, xüsusilə dəyərlidir, çünki biz bu ölkədə işləyirik və öz təcrübə və biliklərimizi bölüşməyə çalışırıq. Bu səfəri həqiqətən yüksək qiymətləndirirəm, artıq həmkarlarımla da müzakirə etmişik və hamı bu rəydədir. Bu isə yalnız başlanğıcdır, çünki qarşıda bizi daha bir neçə dayanacaq gözləyir. BMT əməkdaşı kimi bu imkana görə səmimi minnətdaram”, – deyə o bildirib.
Ölkədə keçiriləcək "WUF 13" forumuna toxunan müvəqqəti rezident-əlaqələndirici onun uğurla təşkil olunacağına əminliyini ifadə edib. “WUF 13-ə hazırlıq aktiv mərhələdədir. Forumun hər bir detalı – kommunikasiya, nəqliyyat, logistika və məzmun hissəsi diqqətlə işlənir. Buna görə də əminəm ki, bizi çox vacib və uğurla təşkil olunmuş bir tədbir gözləyir”, – deyə BMT nümayəndəsi bildirib.
Qeyd edək ki, mayın 1-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Şərqi Zəngəzur və Qarabağa səfəri başlayıb.
Səfərdə 62 ölkə və beynəlxalq təşkilatdan 150-dən çox səfir, diplomat, hərbi attaşe və digər nümayəndə iştirak edir.
Səfər Xankəndi şəhərini, həmçinin Xocalı, Şuşa və Laçın rayonlarını əhatə edir və iki gün davam edəcək.
Səfər çərçivəsində iştirakçılar bölgədə aparılan yenidənqurma və bərpa işləri ilə yerində tanış olacaq, həmçinin sosial və iqtisadi əhəmiyyətli obyektləri ziyarət edəcəklər.
