AYİB Şəkidə su infrastrukturunun yaxşılaşdırılması üçün 91 milyon avro krediti təsdiqləyib

İqtisadiyyat Materials 1 May 2026 11:23 (UTC +04:00)
AYİB Şəkidə su infrastrukturunun yaxşılaşdırılması üçün 91 milyon avro krediti təsdiqləyib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Şəki şəhəri və ətraf kəndlərdə su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması məqsədilə Azərbaycana 91 milyon avroya qədər suveren kredit ayırmağı təsdiqləyib.

Trend xəbər verir ki, layihə çərçivəsində Şəki şəhəri, eləcə də Oxud, Kiş və Qoxmuq kəndlərində su təchizatı, kanalizasiya və yağış sularının idarə olunması şəbəkələrinin tikintisi, həmçinin çirkab su təmizləyici qurğunun bioloji təmizləmə bloklarının yaradılması nəzərdə tutulur.

Ümumi dəyəri 95 milyon avro olan layihə iki tranş üzrə maliyyələşdiriləcək: ilkin mərhələdə 57 milyon avro, növbəti mərhələdə isə 34 milyon avro ayrılması planlaşdırılır. Layihəyə əlavə olaraq, Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit Tərəfdaşlığı (E5P) tərəfindən 4 milyon avroya qədər qrantın cəlb olunması nəzərdə tutulur.

Layihənin əsas məqsədi Şəki və ətraf yaşayış məntəqələrində fasiləsiz su təchizatı və tullantı sularının idarə olunmasını təmin edən müasir və dayanıqlı infrastrukturun qurulması, həmçinin daşqın risklərinə qarşı yağış sularının idarə olunması sistemlərinin genişləndirilməsidir.

Gözlənilir ki, layihə təmizlənməmiş tullantı sularından yaranan çirklənmənin və emissiyaların azalmasına, səth sularının keyfiyyətinin yaxşılaşmasına və iqlim dəyişikliklərinə qarşı dayanıqlığın artırılmasına töhfə verəcək.

Eyni zamanda, layihə çərçivəsində su sektorunda texniki bilik və bacarıqların artırılması üçün qısamüddətli təlim proqramlarının təşkili, rəqəmsal həllərin tətbiqi və kibertəhlükəsizlik potensialının gücləndirilməsi də nəzərdə tutulur.

Layihə Paris İqlim Sazişinin həm azaldılma, həm də uyğunlaşma məqsədlərinə uyğun hesab olunur və AYİB tərəfindən maliyyələşdirilən vəsaitin 100 faizi “yaşıl maliyyə” kimi təsnif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti