Bakı.Trend:
2023-cü ildən etibarən biz müstəmləkə və neomüstəmləkə siyasətlərinin nəticələri, hüquqi məsələlər, insan hüquqlarının qorunması, yerli xalqların hüquqlarının müdafiəsi və etnik azlıqların hüquqlarının qorunması kimi müxtəlif mövzulara həsr olunmuş 35-dən çox beynəlxalq tədbiri uğurla keçirmişik.
Trend xəbər verir ki, bu fikirləri Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov "Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” adlı beynəlxalq Gənclər Forumda çıxışı zamanı deyib.
O bildirib ki, 2024-cü ildən etibarən BTQ fəaliyyətini beyin mərkəzi kimi davam etdirməyə başlayıb:
“2024-cü ildən bəri üç kitab nəşr edib, 40-dan çox hesabat hazırlayıb dərc etmişik. Eyni zamanda, beynəlxalq təşkilatlara və müvafiq beynəlxalq institutlara nüfuzlu hesabatlar hazırlayıb təqdim etmişik. Təəssüf ki, hələ də müstəmləkəçilikdən əziyyət çəkən 9-dan çox xarici ərazi ilə, eləcə də neomüstəmləkə siyasətlərindən zərər görmüş 15-dən çox ölkə ilə uğurlu əməkdaşlıq qurmuşuq.
Bundan əlavə, Birləşmiş Millətlər Təşkilatı və onun qurumları, İnsan Hüquqları Şurası, İnsan Hüquqları Komitəsi, Afrika mənşəli xalqlar üzrə Daimi Forum və Birləşmiş Millətlər Təşkilatının Gənclər Ofisi, həmçinin Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar və onların institutları ilə əməkdaşlıq qurmuşuq”.
